Can deyərəm

Mən hamıdan etibarlı,
Can, deyənə can, deyərəm.
Nəğmə ilə, sözlə varlı,
Can, deyənə can, deyərəm.

Adı qalıb «fani dünya»,
Üyüdür insanı dünya,
Bəs müdriklər hanı, dünya?
Can, deyənə can, deyərəm.

Deyin, nə qalır bizlərdən?
Əfsanə qalır bizlərdən?
Sevinc yağsın qoy gözlərdən,
Can, deyənə can, deyərəm.

Halallıqla dolan, yaşa,
Hörmət elə ömrə, yaşa,
Dünya əzəldən tamaşa –
Can, deyənə can, deyərəm.

Əli Vəkil haqq sevəndi,
Haqq adamı göydən endi,
Bir nəğmə də yazdı indi –
Can, deyənə can, deyərəm.

30 yanvar 2003