Dənizdə axtar

Hər baxış, təbəssüm məhəbbət deyil,
Ülvi duyğuları ürəkdə axtar.
Yalandan öyünmək cəsarət deyil,
Döyməz sinəsinə mərdlər, cəsurlar.

Hərənin dünyada öz yolu gərək,
Səndən sonra doğru sözün yaşasın.
Olasan millətin oğulu gərək,
Əməlin yaşasın, izin yaşasın.

Hörmətlə, izzətlə çəkilsin adın,
İlahi hisslərlə dost, sirdaş ol sən.
Əyilmə önündə yağının, yadın,
Layiqli şəxsiyyət, vətəndaş ol sən.

Çıxacaq qarşına dərə də, düz də,
Çatacaq mənzilə yol gedən kəslər.
Əbədi yaşayır tariximizdə
Bir elin adını yüksəldən kəslər.

Çoxları fərəhlə danışar, gülər,
Sən gəl həqiqəti düz sözdə axtar.
İncini sularda itirsən əgər,
Çayda yox, ay Əli, dənizdə axtar.

2 noyabr 1985