Dəyər

Nə istəsən söylə indi, yaz indi,
«Daldan atılan daş topuğa dəyər».
Sevdaya düş, gözəl mələk, gəz indi,
«Daldan atılan daş topuğa dəyər».

Xoşlandığın ətirli gül dərilib,
Hər nazənin öz yarına verilib,
Xoş ətirli ipək saçlar hörülüb,
«Daldan atılan daş topuğa dəyər».

Mənası yox könül açan sözlərin,
Bu dünyada söz dəyərli, söz dərin,
Gözəllikdən qamaşmasın gözlərin,
«Daldan atılan daş topuğa dəyər».

Çalış ki, heç nədə gecikməyəsən,
Öz sözünü məqamında deyəsən,
Arif olsan, hamı deyər min əhsən,
«Daldan atılan daş topuğa dəyər».

Əli Vəkil, nə etmisən axı sən?
Sözü-sözə qoşmaq gəlib əlindən,
Nə yaxşı ki, ilham aldın elindən,
«Daldan atılan daş topuğa dəyər».

20 iyul 2002