Dağla söhbət

Tale görüşdürdü yenidən bizi,
Xoş gördük, Keyti dağ, a köhnə dostum.
Dərdləşək, boşaldaq ürəyimizi
Zirvənə göz dikdim mən yenə, dostum.

Bir yanın Kəlbəcər, bir yanın Göyçə,
Hər səhər zirvənlə öpüşür gözüm.
Fəxrin, iftixarın, həyanın Göyçə,
Elə məhəbbətdir ən şirin sözün.

Burda itirmişəm uşaqlığımı,
Onunla görüşə gəlmişəm indi.
Yenə yad etmişəm uşaqlığımı,
Seyr etdim buy urdu qəlbim sevindi.

Söhbəti tutarmış dağla insanın,
Tanıya bilməzsən bu gün sən məni.
Ömürdə izi var axı hər anın,
Uşaqkən, gənc ikən görmüsən məni.

Bu günsə qarşında yaşlı bir insan –
Enə də önündə məni görürsən.
Çıxmışam yadından, tanımayırsan,
Qara saçlarımda dəni görürsən.

İnrsan da dağlara bənzəyəydi kaş,
Min ildir görkəmin beləcə qalıb.
Yüz yol dəyişilib burda torpaq, daş,
Zirvəndə qartallar hey qanad çalıb.

Əsri, nəsilləri yola salmısan,
Qocalıq yaraşmır dağlara, inan.
Necə yaranmısan elə qalmısan,
Dəyişib fəsillər, dəyişib dövran.

İllərdən bəridir bilirəm ki, mən,
Qış gəlir zirvəni örtür duman, qar.
Baharda gül-çiçək açır yenidən,
Dağlarda qocalıq üçcə ay olar.

Qısadır ömrümüz, qısadır a dağ,
Bir də göz açırsan yaşın yarıdır.
Beş günlük qonağıq bilirik ancaq,
İnsanı yaşadan arzularıdır.

Bəlkə də dağ qədər yaşayar insan,
Xəyanət olmasa, pislik olmasa.
Dağı da çiynində daşıyar insan,
Namərd tələ qurub tora salmasa.

Elə düşünmə ki, insan dağ deyil,
Nizami, Füzuli, Cavid uca dağ.
Dolansa fəsillər, keçsə də min il,
Onlar da dağlarla bir yaşayacaq.

Ürək günəş olsa, heç vaxt sönməsə,
Nəhəng dahilərin dağ olmağı var.
Dühalar zirvəyə, dağa dönməsə,
Yaman darıxardı dumanlı dağlar.

24 oktyabr 1987