Dağlar yaşıl geyib, al geyinibdir,
Paltarı gül-çiçək, örpəyi duman.
Fərəhdən ürəyim dağa dönübdür
Hər dəfə dağlarla görüşən zaman.
Kim bilir neçədir dağların yaşı?
Dağın dağ vüqarı, dağ ömrü vardır.
Tufanlar görübdür torpağı, daşı,
Güneyi yamyaşıl, quzeyi qardır.
Baş-başa verərək danışar dağlar,
Bulaqlar onların dili deyilmi?
Şəlalə kükrəyər, şəlalə çağlar,
Səs salar dağlara nəğməkar kimi.
Yaddan çıxarmayır insan dağları,
Ürəkdən sevinir zirvəyə qalxan.
Sarsıda bilməyib zaman dağları,
Heç nə silinməyib yaddaşlarından.
Dağ-dağa söykənib arxa olubdur,
Dağ-dağa söykənib yıxılmayıbdır.
Dövranla birlikdə yaşa dolubdur,
Dağ-dağı özünə kömək sayıbdır.
Hər dağın öz adı, öz dünyası var,
Düşüb nağıllara, əfsanələrə.
Dağın qəzəbindən ildırım çaxar,
Meydan oxuyarlar onlar göylərə.
Dağlar da eşidər, dağlar da duyar,
Gəlin yamacına min yol üz qoyaq.
Elləri qoynuna səslər, haraylayar,
Sevinər, şadlanar lap insansayaq.
Yayda insanları eyləyər qonaq,
Gəl onda seyr elə alaçıqları.
Sevincdən dil açar hər yaşıl oymaq,
Başlanar dağların gözəl çağları.
Sürülər yayılar yamaclarına,
Çoban tütəyini çalar astadan.
Əlçatmaz zirvədə qalan qarına,
Quşlar cəh-cəh vurar söküləndə dan.
Sübh çağı bulağa yollanan qızı
Güllərin ətriylə məst edər dağlar.
Gəlib yetişəndə qızıl payızı,
Hamını evinə ötürər dağlar.
Yüz yol vəsf eləyib Aşıq Ələsgər,
Vurğun da ürəkdən nəğmələr qoşub.
Saz çalıb, söz deyib Aşıq Ələsgər,
İlhamı çağlayıb, ürəyi coşub!
Dağlar dinləyəndə şair sözünü
Şəlalə diliylə salam veriblər.
Ölməz nəğməkarlar yumub gözünü,
Dağlar bu ağrıya sinə gəriblər.
Dağların qəlbində yatan sirləri
Çiçəklər danışıb, güllər danışıb.
Bir-bir yola salıb dağlar illəri,
Dağın dastanını sellər danışıb.
Dağın istəyini, dağ hikmətini
Dağların kəməri yollar danışıb.
Dağların insana məhəbbətini
Güllərlə öpüşən yellər danışıb.
Dağların ürəyi dil açan zaman
Fəsillər danışıb, illər danışıb.
Dağın ətəyinə baş qoyub
Tarlalar danışıb, çöllər danışıb.
Dağların ürəyi sözlə doludur,
Danışıb qəlbini boşaltmaq istər.
Alovla, atəşə, közlə doludur,
Günəşi salamlar dağlar hər səhər.
Deyə bilməyəndə dağlar sözünü,
Ürəyi alışıb, ürəyi yanıb.
Püskürüb, hər yana düşübdür ünü,
Bəlkə də vulkanlar belə yaranıb?
Dağlarla şən keçib görüşüm mənim,
Yazmışam könlümə onlar deyəni.
Dağlarda qonağım oldu dünənim,
Əynimə geyərdim dumanı, çəni.
Dağlarla bağlıdır uşaqlıq çağım,
Onlarsız mən necə yaşaya billəm?
Göyçə dağlarıdır yenə oylağım,
Gizlədib qəlbimdə daşıya billəm!
Xəyalən təpədən, yaldan aşıram,
Özümü dağlara yetirirəm mən.
Deməyin dağlardan uzaqlaşıram,
Ürəkdə şəhərə gətirirəm mən!
9 mart 1985