Dağların

Bəyaz don geyinər qış aylarında,
Yorulub qalaydım dolaylarında,
Azdır ömrü çovğunun da, qarın da,
Olaydım qonağı yazda dağların.

Nələr söyləyibdir Dədə Ələsgər,
Tərif eyləyibdir Dədə Ələsgər,
Coşub, söz deyibdir Dədə Ələsgər,
Adları çəkilib sazda dağların.

Vurğun: «Bir doyunca gəzim»,- deyibdir,
Siz mənim söhbətim, sözüm, deyibdir,
Haçan doydu sizdən gözüm, deyibdir,
Boldur gül-çiçəyi bizdə dağların.

Murov, Keyti, bir də Dəli dağım var,
Sinəsi sürülü çox yaylağım var,
Həzin zümzüməli buz bulağım var,
Yazılan nəğmə də, söz də dağların.

Ay Əli, Sarınər, Qocadağ hanı?
Qonaq ol Kəpəzdə, qalx Savalanı,
Heydərbaba, Qoşqar, fəxr elə, tanı,
Yaşayır surəti gözdə dağların.

29 iyul 2002
Rusiya, İvanovo şəhəri