Dama-dama göl olar, – söyləyiblər

Dama-dama göl olar, – söyləyiblər,
Axa-axa sel olar, – söyləyiblər.
İnsan gərək ömrü boyu öyrənsin,
Bilik artar, bol olar – söyləyiblər.

Qoy saxlasın indi başlı başını,
Özü yesin bişirilmiş aşını.
Hər kəsin öz bezi özünə yarar,
Nəyinə gərəkdir yadın qumaşı.

Ellə gələn toybayramdı həyatda,
Bu da qismət, bir məqamdı həyatda.
El səhv etmir, elə arxalan hər an,
Elsiz, vallah, mənasızdı həyat da.

Çuvala bürün, hey, ellə sürün, hey,
El haraya üz tutsa öndə görün, hey.
Üzü gülməz eldən ayrı düşənin,
Eldən nə alıbsız, elə verin hey.

Gəl həyatda sən hər sözə aldanma,
Nə istəsən eldən istə, al, danma.
Yanırsan Vətənin halına yan sən,
Özgə heç kim¬səni yad edib anma.

Göz qorxacaq gördüyündən, bil bunu,
Hər addımda ayıq ol sən, bil bunu.
Hər şeydən nəticə çıxarsa insan,
Söyləyər ki, sayıq ol sən, bil bunu.

Yalançının evi yandı, görün siz,
Yalan deyil vallah eşitdiyiniz.
Yalançı adını elə doğruldub,
İndi həqiqətə qiymət verin siz.

Gen olar deyiblər məsləhətli don,
Biçərək tiksinlər ən qiymətli don.
Məsləhətlə görülərsə hər bir iş,
Həyatda bol olar keyfiyyətli don.

Qız qaldıqca vallah qızıla dönər,
Niyə tapılmasın axı ona ər?
Qız ağacı qoz ağacı deyilmi?
Gözü tutsa, sevdiyinə versinlər.

Ala qarğa çoxbilmişdi, – deyirlər,
Hərlənib-hərlənib duzlağa gedər.
Ağzında pendiri olsa da belə,
Yenə qar-qar edib qar dilər.

Ay gedən it, gəl məni tut söyləmə,
El içində özünü xar eyləmə.
Eşidib səsini it qapar səni,
Kədər qərq olub batarsan qəmə.

Ət yeyən quşların dimdiyi əyri,
Qartallar nə yeyər, de, ətdən qeyri?
Əzəldən bu dünyada öz yerini
Yaxşı bilir heyvanların hər biri.

Deyirlər meşələr çaqqalsız olmaz,
Çaqqal ovlanmayır, heç vaxt azalmaz.
Meşə ki çaqqalsız deyil əzəldən,
Fərqi nədir, sayı çoxdur yoxsa az?

Qurd basar deyiblər arxalı köpək,
Yəqin qatmayırlar yalına kəpək.
Tənha deyil, axı dərk edir bunu,
Arxalı köpəyə daha nə kömək?

Ayının yüz oyunu var, bilirsiz,
Axtarıb bir armud arar, bilirsiz.
Adam da var xeyri üçün həyatda,
Daş sındırar, dağlar yarar, bilirsiz.

11 sentyabr 2002