Dara indi

Sən də gəldin, gülüm, bu yer üzünə,
Gördün onun astarı nə, üzü nə?
Hamı heyran oldu o gül üzünə,
Çəkmə aşiqini gəl, dara indi.

Ətir verib yenə bağda gülə yaz,
Hər nəğməni bülbülə yaz, gülə yaz,
Bax, beləcə ətir saça, gülə, yaz,
Gülə bax, telini ha dara indi.

Gülüstanda bir nəfəs dər, dedim,
Bu güllərdən bir də, bir də dər, dedim,
Yar mənlədir, axı, niyə dərd edim?
Heç zaman düşmərəm mən dara, indi.

Toxunmasın qoy yarıma yad əli,
Mən olaram ya divanə, ya dəli,
Yarın sənə olan deyil yad, Əli,
Kim deyir gəl axtar, yad ara indi?

29 avqust 2000