Dedi

 

(«Çal, ay ustad» poemasından)

Aşıb-daşdı Üzeyirin nifrəti,
Bir ox oldu Nəvvabın da həsrəti,
Dada yetsin uluların qeyrəti,
Tar allahı Sadıqcan da çal, dedi.

Dözə bilmir qəzəbindən Xan əmi,
Narahatdır Vətən səndən, Xan əmi,
Ustad Seyid necə çəksin bu qəmi?
Şəhid yatan Xiyaban da çal, dedi.

Az olmayıb tara söhbət gətirən,
Bu sənəti eldən-elə ötürən,
Mizrabıyla dərdi-qəmi bitirən,
Tar ustadı, bax, Qurban da çal, dedi.

Topxanada xarıbülbül dilləndi,
Yaylaqlarda açılan gül dilləndi,
Şair Vaqif, bütün bir el dilləndi,
Xurşud Banu Natəvan da çal, dedi.

Çağlamadı, susdu İsa bulağı,
Çoxdan elin batıb yasa bulağı,
Cıdır düzü, sərin Şuşa yaylağı,
Cənnət diyar – o məkan da çal, dedi.

Yurdu andı yenə Cabbar Qaryağdı,
Havalandı yenə Cabbar Qaryağdı,
Qışa döndü Savalan da, qar yağdı,
Qəribsəyən Savalan da çal, dedi.

Axı, niyə səsi gəlmir Bülbülün?
Kədərindən üzü gülmür Bülbülün,
Kimsə göz yaşını silmir Bülbülün –
Bir səs: «Sevgili canan» da çal, dedi.

Qan ağlayan Cıdır düzü ah çəkdi,
Natəvanın şeiri, sözü ah çəkdi,
Şuşa qalasının özü ah çəkdi –
İbrahim Xan, Pənah Xan da çal, dedi.

«Ərim gəldi», «Meydan başı», Kirs dağı,
Dərdimizi sən də daşı, Kirs dağı,
«Qırx qız» ilə, cəsurların oylağı –
Göy meşələr, aisman da çal, dedi.

Uzaqlarda – çox ölkədə tar dinib,
Simlərində xalqa sözü var, dinib,
Ustadın ürəyi, barmaqlar dinib –
İstanbul da, İsfahan da çal, dedi.

Qəm üstə səsləndi Hacının tarı,
Tarıydı Əhsənin dövləti, varı,
Ay ustad, onlara qulaq as barı –
Qarabağ da, Mil-Muğan da çal, dedi.

25 may 2002