Bəlkə inanmırsan sevgimizə sən?
Onda gəl sinəmi yar, a yar, dedim.
Öz eşqinlə ürəyimi bəzə sən,
Əhdimdən dönmərəm yar, a yar, dedim.
Yalandan üzünə güləndən uzaq,
Var üçün dərdindən öləndən uzaq,
Sevgini oyuncaq biləndən uzaq,
Həqiqi aşiqə, yara, yar, dedim!
Gələnə, gedənə nə dedi dünya?
Kimlərin borcunu ödədi dünya,
Bizi qonaq edir əbədi dünya,
Həyatda yar yara yarayar dedim!
Məhəbbət tələb et Əli Vəkildən,
Dəyanət tələb et, Əli Vəkildən,
Sədaqət tələb et Əli Vəkildən,
Gəl vurma qəlbimə yara yar, dedim!
26 mart 1989