Deyiblər ki, it dişinə it dözər

Deyiblər ki, it dişinə it dözər,
Adətdir, həmişə it itlə gəzər.
İtlə dostluq elə, ehtiyatını,
Vermə əldən, daim izlə, sal nəzər.

Tutan deyil itlə qurdun dostluğu,
Qur, desinlər necə qurdun dostluğu?
Heç birinə deməsinlər heç zaman:
Nə oldu, bəs yerə vurdun dostluğu?

Gözünü doyurar bir ovuc torpaq
İnsanın həyatda taleyinə bax.
Qızıldan, daş-qaşdan doymayanların
Bir ovuc torpaqla gözü doyacaq?

İhıq gələn yeri örtmə papaqla,
Sən işığı sevməyirsən nə haqla?
Həyatda zülməti əridir işıq,
Axı hər yan şölələnir işıqla.

Danışma yüz ilin ibadətindən,
Söhbət aç bir günlük səxavətindən.
İnsan səxavətli olarsa əgər,
Söz salma dininə sədaqətdən sən.

Yoğun incəlincə yadında sənin
Vallah canı çıxar tamam incənin.
Nə lazım çox yoğun, ya incə olmaq,
Zəriflik yaşasın adında sənin.

Cəhənnəmdə olar kasıbın pulu,
Kasıbın ürəyi kədərlə dolu.
Kasıb neyləsə də varlana bilməz,
Hər yandan bağlıdır kasıbın yolu.

Yaxşı ad çıxarıb qayın arvadı,
Adını qoyublar xain arvadı.
Xain olmaq nəyə gərək dünyada?
Hbrmətlə çəkilsin hər kəsin adı.

Qanana bir işarə də bəs edər,
Qanmayana qamçı, kötək də hədər.
Qanan, qanmaz ifadəsi həyatda
İşlədilir, dildə gəzir bərabər.

Sar dayım olmasaydı dedi qaraquş,
Qaldırardım mən qoyunu birbaş.
Şərəf saymır sarla qoğumluğunu,
Ovdan söz düşəndə danışır yavaş.

Qara gün görənlər gülməz cahanda,
Ağ günə tez çatar qalmaz bir yanda.
Qara günü görməyənlər heç zaman
Ağ günün qədrini bilməz cahanda.

Gəl qarğa yanında göz oyma heç vaxt,
Vallah uduzarsan, olarsan bədbaxt.
Göz oyma, ay insan, yaxşılıq eylə,
Heç kimə qalmayıb nə saray, nə taxt.

Kasıbın gözünü Tanrımı yumar?
Kasıbın cibində, evində nə var?
Yoxsulluq damğası alnında onun,
Niyə gözüaçıq olmur kasıblar?

Hər vaxt soyuq olar kasıbın üzü,
Üzü gülməz, eyni açılmaz düzü.
İlahi də üz döndərir kasıbdan,
O səhv salar gecə ilə gündüzü.

Kasıbın halını kasıbdan soruş,
Bir azca halına barı yan, soruş.
Kim bilir necədir gün-güzəranı?
Kasıbın evində ol mehman, soruş.

22 sentyabr 2002