Deyirəm

Ariflərə söylə ürək sözünü,
Dinləsin sonacan gərək sözünü.
Yalan saymaz sənin gerçək sözünü,
Söz incidi, qəlbdə yaşar, deyirəm!

Aşiqlər hikmətli söz həsrətində,
Soyuq ürəklər də köz həsrətində,
Olsa da bülbüllər yaz həsrətində,
Vaxtında gələcək bahar, deyirəm!

Yar yara qovuşsa ürəklər gülər,
Arzular gül açar, diləklər gülər,
Əlləri bəzəyən çiçəklər gülər,
Aşiq vüsalına çatar, deyirəm!

Hər insan dünyada – sehirli kitab,
Onunla doğulur bu sirli kitab,
Kaş ki, yaranmasın məkrli kitab,
Haqqı dansan qarğış tutar, deyirəm!

Əli Vəkil, dünya gülsün gözündə,
Məqamı var hər qiymətli sözün də,
Gör nə qədər bədbəxt var yer üzündə –
Öz borcunu elə qaytar, deyirəm!

24 may 2002