Yuxuma girmişdin, çin olub yuxum,
Ətri səndən alıb gül, ay Dilbərim.
Məndən üz döndərmə, ay varım, yoxum,
Qəmlənmə, hər zaman gül, ay Dilbərim.
Abırlı, ismətli, həyalı gözəl,
Ülvi gözəlliyin timsalı gözəl,
Aşiqin arzusu, xəyalı gözəl,
Hər sözün qədrini bil, ay Dilbərim.
Söhbətin mənalı, sözün mənalı,
Baxışın mənalı, gözün mənalı,
Günəştək nur yayan üzün mənalı,
Amandı insafa gəl, ay Dilbərim.
Üz çevirmə, uzaq gəzmə, nə olar,
Naz edib canımı üzmə, nə olar,
Ülvi məhəbbətdən bezmə, nə olar,
Həsrəti qəlbimdən sil, ay Dilbərim.
Əli Vəkil, sərrafıdı sözlərin,
Ürəyində yadigardı gözlərin,
Maralısan, ceyranısan düzlərin,
Dərdini mənimlə böl, ay Dilbərim.
2 mart 2002