Ürəyimi qan eləyən,
Məni yolumdan eləyən,
Halı pərişan eləyən
Gözəl-göyçək dilbərim, gəl.
Səni hər gün anıram mən,
Ülvi mələk sanıram mən,
Eşq oduna yanıram mən,
Gözəl-göyçək dilbərim, gəl.
Gözüm üstə yerin vardır,
Can alan gözlərin vardır,
Dünya sənsiz mənə dardır,
Gözəl-göyçək dilbərim, gəl.
Arzulayır səni ürək,
Aşiq sevsin gərək səni,
Barı gəl çıx görək səni,
Gözəl-göyçək dilbərim, gəl.
Baxma kimsənin sözünə,
İnan qəlbinə, gözünə,
Gülən çox olar üzünə,
Gözəl-göyçək dilbərim, gəl.