Dolu dünya

Varmı sənin kimi ilahi gözəl?
Əsirin olmuşam, bir insafa gəl.

Seyr elə bağımı, gülüstanımı,
Şıltaqlıq eyləyib üzmə canımı.

Layiqsən saf eşqə, məhəbbətə sən,
Ən ülvi sevgiyə, sədaqətə sən.

Ay gözəl, nazınla məst etdin məni,
Bu qədər incitməz sevən sevəni.

Zərifdən zərifsn, ətirli gülsən,
Dünya dağılmaz ki, danışıb gülsən.

Nə olar aşiqin halına yan bir,
Kövrək ürəyimi barı sevindir.

Əbədi deyildir bu ulu dünya,
Sevinclə, kədərlə dolu bu dünya.

Varmı sənin kimi ilahi gözəl?
Əsirin olmuşam, bir insafa gəl.

28 oktyabr 1999