Dolu dünyada

Yoxdur sənin kimi ilahi gözəl,
Tək səni anıram, bir insafa gəl.

Seyrə çıx bağımı, gülüstanımı,
Şıltaqlıq eləyib üzmə canımı.

Layiqsən saf eşqə, məhəbbətə sən,
Ən ülvi sevgiyə, sədaqətə sən.

Əzizim, nazınla məst etdin məni,
Bu qədər incitməz sevən sevəni.

Zərifdən zərifsən, ətirli gülsən,
Dünya dağılmaz ki, danışıb gülsən.

Nə olar, aşiqin halına yan bir,
Kövrək ürəyimi barı sevindir.

Əbədi deyildir bu ulu dünya,
Sevinclə, kədərlə bu dolu dünya.

Yoxdur sənin kimi ilahi gözəl,
Tək səni anmışam, bir insafa gəl.

22 oktyabr 1999