Doxsan yeddinin son günü

Bir il də dolandı, ötdu beləcə,
Ömür sarayından bir kərpic düşdü.
Bir il də yox oldu, itdi beləcə,
Sevincli, kədərli anlar ötüşdü.

Bu ildə dünyaya gələnlər oldu,
Bir ildə dünyadan köçdü çox insan.
Göz yaşı tökənlər, gülənlər oldu,
Nə yaman tələsir, illər, nə yaman.

Növr etdi sinədə Qarabağ dərdi,
Hey ümid bəslədik hər gələn günə,
Yenə də, yenə də Qarabağ dərdi,
Yenə də ah çəkdik biz dönə-dönə.

Gəlin salamlayaq doxsan səkkizi,
On ildir gülmürük, Vətən dardadır.
Sevək, ülvi sayaq doxsan səkkizi,
Elimiz, obamız intizardadır.

Hələ ürəyimdə sözüm qalıbdır,
Yaza bilməmişəm, bilmirəm nədən?
Şuşada, Laçında gözüm qalıbdır,
Yollana bilmirəm o yerlərə mən.

Elə ünvanlanan sözüm qalıbdır,
Hər an varlığımı yandırıb-yaxır.
İlə ünvanlvnan sözüm qalıbdır,
Sanki ürəyimdə ildırım çaxır.

Hər sözün öz yeri, öz məqamı var,
Ürəkdə yük olur deyilməyəndə.
Atəş məqamı var, buz məqamı var,
Düşər budağından meyvə dəyəndə.

Gəl ay doxsan səkkiz, səadət gətir,
Yetişsin iyunda altımış yaşım.
Gətir, insanlara məhəbbət gətir,
Çıxsın azadlığa torpağım, daşım.

Gələn nəsillərə qalsın yadigar,
İlin son günündə deyilən sözlər.
Şeirin də ünvanı, qəlbdə yeri var,
Söz də ürəkləri axtarar, izlər.

İlin son günündə yazılan bu şeir,
Özümün özümə hesabatımdır.
Kövrəlib ürəyim, görün nə deyir,
Qələmə, sözümə hesabatımdır.

İlin fəsilləri düşdü yadıma,
Nələr xatırladım, nələr andım mən?
Qələmim yetişdi hər an dadıma,
Hərdən buza döndüm, hərdən yandım mən.

Məni əsir etdi bəzən xəyallar,
Nəğməmi yazmağa söz tapammadım.
Qəlbimi sarsıdan, üzən xəyallar,
Məni təqib etdi hey addım-addım.

Fikirlər qəlbimdə köz oldu vallah,
Nədənsə söz çıxdı ceyran belinə.
Arzular, qayğılar yüz oldu vallah,
Min heyif nəğməsiz ötüşən günə.

Sevincli, kədərli hisslər keçirdim,
Qüssəni tapdayıb keçə bilmədim.
Vətənin dərdinə hey sinə gərdim,
Sevgi şərbətini içə bilmədim.

Qələmə, nəğməyə səfərbər etdi
İli yola salıb illə görüşmək.
Sərhəddə dayanan bir əsgər etdi,
Nədənsə dil açdı köksümdə ürək.

İlboyu mən yaza bilmədiyimi,
Köç edən bu ilin son günü yazdım.
İl qaldı yaddaşda xatirə kimi,
Hər sözün, söhbətin düzünü yazdım!

31 dekabr 1997