Doymadım

Oxşadıqca yar zülfünü,
Teldən doymadım, doymadım.
Barmaqları saçlarımda –
Əldən doymadım, doymadım.

Qonaq oldum yar bağında,
Qanad açmaz sar bağında,
Bülbül oxuyar bağında,
Güldən doymadım, doymadım.

Seyrə çıxdım dağları mən,
Dolaşdım yaylaqları mən,
Dinlədim bulaqları mən,
Seldən doymadım, doymadım.

Harayladı düzlər məni,
Bir də gəzdim göy çəməni,
İndi anır Göyçə məni,
Eldən doymadım, doymadım.

Məftun etdi laləli düz,
Çəmənlərdən gül-çiçək üz.
Əli Vəkil, həsrətə döz,
Çöldən doymadım, doymadım.

8 avqust 2002