Doymayıram

Nəğməkartək ötdükcə sən,
Səsin gəlir ürəyimdən,
Dinlədikcə bilməm nədən?
Sözlərindən doymayıram.
Baxdıqca gül üzünə mən,
Gözlərindən doymayıram.

Səndən ayrı üzüm gülməz,
Susar ilham, sözüm gülməz,
Nazlanmasan gözüm gülməz,
Gəl, nazından doymayıram.
Gülüşündən, cəhcəhindən,
Avazından doymayıram.

Gülə-gülə baxanda sən,
Ürəyimi yaxanda sən,
Şimşək kimi çaxanda sən,
Şəfəqindən doymayıram.
Məhəbbətdə acgözəmmi,
Niyə səndən doymayıram?