Əzizim, qarşıma çıxdığın gündən,
Dönüb ürkək-ürkək baxdığın gündən,
Şimşək tək qəlbimə çaxdığın gündən,
Aylardan doymuram, ildən doymuram.
Sən mənim ömrümdə al şəfəq, al dan,
Gözəl doğulmusan, gözəl anadan,
Arxanca dolaşıb gəzdikcə hər an,
Enişli, yoxuşlu yoldan doymuram.
Hələ çox borcluyuq bu doğma elə,
Eşqimiz yamanca düşübdür dilə,
Sən ki, bənzəyirsən təzə-tər gülə,
Ətirli çəməndən, çöldən doymuram.
İyul 1991