Hərdən sakit olar bir quzu kimi,
Çaylarda, göllərdə üzən qu kimi,
Büllurdu, təmizdi axar su kimi,
Bir anda dünyanı gəzər ürəyim,
Qartaltək zirvədə süzər ürəyim.
Bəzən ipək olur, bəzən də polad,
Qayğı ümmanında üzəndə polad,
Bir ana dərdinə dözəndə polad,
Hamıya səadət dilər ürəyim,
Sevincdən şadlanar, gülər ürəyim.
Qan töksə nahaqdan kimsə cahanda,
Kədərdən sarsılar, susar bir anda,
Günahsız bir insan susdurulanda,
Ağlayar, sızlayar, dinər ürəyim,
Alışar ürəyim, sönər ürəyim.
Acı bir xəbərdən dərdə qərq olar,
Ağrıdan, kədərdən çiçək tək solar,
Bahar buludu tək boşalar, dollar,
Dincələr ürəyim, coşar ürəyim,
Sevgidən bir nəğmə qoşar ürəyim.
Yaxında dolaşır, uzağa gedir,
Yerləri, göyləri yüz yol seyr edir,
Sevincin, kədərin tərəzisidir,
Fərəhi, kədəri sezir ürəyim,
Hələ ki, yaşayır, dözür ürəyim.
16 avqust 1997