Dünya gülür gözümdə, axı sən gələcəksən,
Şirinləşib sözüm də, axı sən gələcəksən.
Sevincimdən az qalır qəlbim uçsun yerindən,
Dil-dil ötür sazım da, axı sən gələcəksən.
Cəh-cəh vurur bülbüllər qızıl gülün eşqinə,
Ətir saçır yazım da, axı sən gələcəksən.
Sənə aid sözlərim, ürəyimdən keçənlər,
Yazılıbdır üzümdə, axı sən gələcəksən.
Fil gücü var qolumda, artıb eşqim, ay gülüm,
Mətanət də, dözüm də, axı sən gələcəksən.
Məhəbbətin əbədi, əyilməzdir qolum da,
Bükülməzdir dizim də, axı sən gələcəksən.
Əli Vəkil, darıxma, gül açacaq yamacım,
Gül açacaq düzüm də, axı sən gələcəksən.
3 aprel 2003