Qor dolub yerimə yata bilmirəm,
Vallah mat qalmışam özüm-özümə.
Qaçıram arxanca, çata bilmirəm,
Gəl şübhə eləmə, gülüm, sözümə.
Dünya yuxudadır, təkcə mən oyaq,
Zülmətdə qəlbimə işıq saçırsan.
Unudum mən səni, axı nə sayaq?
Hər yeni şeirimə yollar açırsan.
Sən elə hakimsən dünyama mənim,
İnan ki, ölüm də ayıra bilməz.
Eşqinlə yaşayım, eşqinlə dinim,
Vüsala yetməmiş ürəyim gülməz.
Sevənin qəlbini sevənlər duyar,
Dünyada beş günlük qonağıq, qonaq.
Düşür payımıza gah qış, gah bahar,
Şərəfdir ürəkdən sevib yaşamaq.
Eşqindən yazıram, tükənmir sözüm,
Təmiz məhəbbətdir yaşadan bizi.
Ay könül sirdaşım, ay iki gözüm,
Tale sındırmasın qoy əhdimizi.
1985