Dünyada böyüyün böyük dərdi var

Dünyada böyüyün böyük dərdi var,
Kiçiyin də kiçik dərdi qəlb yarar.
Dərd böyükdür, dərd kiçikdir fərqi nə?
Kiçik dərdlər bir gün böyük dərd olar.

Böyüyünü kim tanımır dünyada,
Kimsə onu salmayacaq heç yada.
Ən gözəl ənənə – böyüyə hörmət,
Biz necə olarıq itərsə o da?

Həmişə doğubdur arzu arzudan,
Arzu bir quyudur dolmur heç zaman.
Bu dünyada arzuların sonu yox,
Söyləyin, arzusuz yaşarmı insan?

Bir yandan bağlayan bir yandan açar,
Düzələr işlərin qalmazsan naçar.
Deyirəm, nə ola bu kainat¬da
Bağlı qatılara tapıla açar.

Bir görüb, bəs niyə iki istəyir?
Gözləri doymayır, elə ver deyir.
Gözü, könlü tox olanlar həya¬da
Heç nəyi, heç kimdən əsirgəməyir.

Tez tökülsə payız fəsli yarpaqlar,
Demək qışda çox olacaq şaxta, qar.
Ataların misalı var kim bilmir,
Qar çox olsa bol olacaq bəhrə, bar.

Mütləq halalzadə barışdırar, bil,
Amma haramzadə qarışdırar, bil.
Halal artar, haram batar həya¬da,
Bezməz hər bir insan halal arar, bil.

Deyiblər ki, gedər qazan qarası,
Namus qarası da qəlbin yarası.
Mərd kişilər namus ilə yaşayıb,
Namus şərəf, namus gözün qarası.

Namuslu qız fərsiz oğuldan yaxşı,
Qayğısın çək, oduna yan, yaxşı.
Atanın, ananın tacıdır bala,
Fərli övlad ömürlərin naxışı.

Alınar, satılar hər şey cahanda,
İllər boyu şahid olub cahan da.
Satılmayan, alınmayan namusdur,
Ən müqəddəs bir nemətdi insanda.

3 sentyabr 2002