Dünyayla haqq-hesabım var…

Tanrım, sən yetiş dadıma,
Böhtan atırlar adıma,
Yanıb kül oldum oduma,
Dünyayla haqq-hesabım var.

Səhv salmışam zili, bəmi,
Qəm üstündə köklə simi,
Niyə eşitmir səsimi,
Dünyayla haqq-hesabım var.

Əsəblərim tarım-tarım,
Susub sazım, susub tarım,
Həlak olur soydaşlarım,
Dünyayla haqq-hesabım var.

Yollar uzun, ömür qısa,
Dözmək olmur dərdə, yasa,
Kaş ki, haqqa qulaq asa,
Dünyayla haqq-hesabım var.

Düşmənin cəhdi nahaqdı,
Mən haqlıyam, işim haqdı,
Elim zəfər çalacaqdı,
Dünyayla haqq-hesabım var.

Fevral 1992