Düşmənlə haqq-hesab kəsmək istəsən

Düşmənlə haqq-hesab kəsmək istəsən,
Qəfildən arxadan onu vurma sən.
Qorxaq olma, məğrur dayan üz-üzə,
Bədxahların cərgəsində durma sən.

Dost olarmı hər üzünə güləndən,
Hikmət dolu düz sözünə güləndən.
Dostu dar ayaqda sınamaq gərək,
Dost olar yalnız dost qədri biləndən.

Özgənin atına minən tez düşər,
Kədərlənər, ürəyinə iz düşər.
Hər kişinin öz atı, kəhəri gərək,
Piyadalar mənzilə gec yetişər.

Kişi gərək atdan düşə, atlana,
Kişi gərək hər əzaba qatlana.
At muraddı, hər atlanan sevinər,
Arxa olar, sirdaş olar at ona.

Bəy, dediyin nədir, bunu anla bir,
Söylə onu bəyənməmək bəs nədir?
Bəy də elə bəydir, adı-sanıyla,
Özgə söhbət, daha özgə səs nədir?

Qohum qohumun ətini yesə də,
Sümüyünü çölə atmaz heç vədə.
Qoy bilsin qədrini qohum qohumun,
Yaxşı qohum heç zaman olmaz gədə.

Cücəni payızda sayarlar axı,
Cücənin dilini bilən var axı?
Cücəni böyütmək asan deyildir,
Cücəni çıxarır toyuqlar axı.

Deyin, it az idi məgər bərədə?
Gəmi ilə keçib gəldi biri də.
Ağıllı it insanların dostudur,
İtlərdir qoruyan sərhədləri də.

Yox, kişi yalamaz tüpürdüyünü,
Mərd kişi tez açar hər bir düyünü.
Üzü bir, sözü bir olar kişinin,
Mərd yaşayar hər saatı, hər günü.

Vaxtsız gələn qonaq cibindən yeyər,
Dil-ağız eləyib özünü öyər.
Görüb vəziyyəti ev sahibinə
Əlacsız qalaraq xoş sözlər deyər.

Dar edər qonaq qonağın yerini,
Ev yiyəsi istəməz heç birini.
Onlar qarşılanar hörmət, izzətlə,
Qonaq nağıl edər gördüklərini.

Mərdi qova-qova namərd edərlər,
Onu izləyərlər, onu güdərlər.
Onsuz da namərdlər çoxdur aləmdə,
Ər oğlu ər kimi qalsın qoy ərlər.

Gəl daşı tök ətəyindən, amandı,
Ətəkdə daş vallah-billah yamandı.
Hirsli adam daş axtarar atmağa,
Zənn etmə ki, adam vurmaq gümandı.

Yenə hənək, hənək, sonda dəyənək,
Buna nə ad verək, necə bəyənək?
Nəyə gərək dəyənəyə əl atmaq,
Dəyənəyi əldən alaq biz gərək.

Qəbiristana gedən ölü qayıtmaz,
Ora son mənzildi olsun qar, ayaz.
Qoy dünyadan heç kəs vaxtsız köçməsin,
Kim mərhumdu gəl adını qara yaz.

Bilirsən ki, hər bir ömrün sonu var,
Barmağınla göstər, kimdir bəxtiyar?
Mənası yox ömrü bada verməyin,
Gəl axtaraq, hey səsləyək bəxti, yar.

Dilə gəldi yenə könül rübabım,
Sənsiz susar, gözəlim, bil rübabım.
Yaxındasan, uzaqdasan, nə fərqi,
Susmaq bilmir, ötür dil-dil rübabım.

Tərk eləmə ürəyimi heç zaman,
Dinsin qəlbim, qoy üzümə gülsün dan,
Aşiqlər bir yerdə olsa həmişə,
Sevgi nəğmələri onlara liman.

Hasil olsun qoy arzular, diləklər,
Bəzəsin əlləri güllər, çiçəklər.
Üzü gülər iki gəncin həmişə,
Nə zaman ki, bir döbyünür ürəklər.

Sevək, məhəbbətdə örnək olaq biz,
Düz ilqarla daim yadda qalaq biz.
Qibtə eləsinlər görənlər müdam,
Sevdamızda birgə zəfər çalaq biz.

Pis söz salar söyləyəni hörmətdən,
Qoy düşməsin düz söz deyən hörmətdən.
Müdrik insan mənasız söz söyləməz,
Aqilsənsə, düşməzsən sən hörmətdən.

Vallah günü keçər ahnan-vaynan,
Taylı öz tayını tapmasa, inan.
Taparsa həyatda hərə tayını,
Ömrünü mənalı yaşayar insan.

Pis söhbətdən susmaq daha yaxşıdı,
Elə qulaq asmaq daha yaxşıdı.
Pis söhbət bənzəyir ara sözünə,
Fikir dərin, sözlər baha – yaxşıdı.

Kor kimidir vallah savadsız adam,
Savad yoxsa, olur bir adsız adam.
Gərək ömrü boyu cəhd etsin insan,
Oxusun, öyrənsin, çalışsın müdam.