Düşüncələr

Dünyanı dördəlli tutanlar oldu,
Köçəndə beş arşın bez apardılar.
Xəzinə üstündə yatanlar oldu,
Gözləri doymadı, az apardılar.

Namusdan dəm vurub, ardan danışan,
Bilmədi namus nə, ar nədir axı.
Eşqi dərk etməyib yardan danışan,
Anlaya bilmədi yar nədir axı?

Demədilər dünya ölüm-itimdi,
Var-dövlət yerində qalır, gedirik.
Biri atalıdı, biri yetimdi,
Ömür bir havadır çalır gedirik.

Kimsə hər addımda yaxşılıq etdi,
Dünyanın varına məhəl qoymadı.
Köçəndə dedilər, heyif ki, getdi,
Vətəndən doymadı, eldən doymadı.

Məhəbbət əsiri olanlar da var,
Məcnundan, Kərəmdən dəm vurur hər an.
Axırda tək-tənha qalanlar da var,
Çəkir imtahana onları dövran.

Özgə köməyinə arxalananlar
Təkansız bir addım ata bilmədi.
Özgə kölgəsində yaşadı onlar,
Büdrədi mənzilə çata bilmədi.

Mənəm-mənəm deyənlər də az deyil,
Bilmir Vətən dərdi, el dərdi nədir?
Sinəsinə döyənlər də az deyil,
Duymaz fəsil dərdi, il dərdi nədir?

Eli üçün, bəşər üçün yaşayan
Əbədi incilər yaratdı getdi.
Ürəyində Vətən eşqi daşıyan,
Milyon ürəklərdə boy atdı getdi.

Vaxtdır, sən də öz borcunu duy, könül,
Yurdun üçün candan keçmək gərəkdir.
Nə dövlətə, nə şöhrətə uy, könül,
Yol seçəndə düzgün seçmək gərəkdir!

Ömrüm-günüm, canım Odlar diyarı,
Bərkə-boşa yox düşmüşəm dünyada.
Hamardı, daşlıdı ömrün yolları,
Baş əymədim nə namərdə, nə yada!

Yurmala
6 oktyabr 1982