Elədin

Gəlib mənim qış ömrümü,
Dərdə-qəmə tuş ömrümü,
Saralıb-solmuş ömrümü
Bir anda bahar elədin.

Çox düşünüb, çox anmışdım,
Yuxumdan kal oyanmışdım,
Hüzurunda dayanmışdım,
Həsrəti tarmar elədin.

Qəribəsən, duymaq çətin,
Camalından doymaq çətin,
Alovludur məhəbbətin,
Məni bəxtiyar elədin.

Unutmaram o anları,
Hey anaram o anları,
Bir də təkrar ola barı,
Eşqimi gülzar elədin.

Nə yaxşı ki, gülüm, varsan,
Yetdi sənə əlim, varsan,
Nəğmə dedi dilim, varsan,
Eşqi bərqərar elədin.

23 sentyabr 2000