Azərbaycandan uzaqlarda
Gəzib-dolaşdıqca qürbət ölkədə,
El düşdü, a dostlar, yadıma mənim.
Belə susmamışdı qəlbim bəlkə də,
Xəyallar yetişdi dadıma mənim.
Vətənsiz yaşamaq çətin olarmış,
Oxşamır könlünü məclislər belə.
İnsanın ürəyi, gözü dolarmış,
Baxmazmış ətirli çiçəyə, gülə.
Dizimin dirəyi Azərbaycanım
Nə yaxşı, nə yaxşı ürəyimdədir.
Könlümün bəzəyi Azərbaycanım,
Ən şirin arzumda, diləyimdədir.
Təbiət bu yerdə cənnətə bənzər,
Amma Göy gölümə tay ola bilməz.
Şəhərlər, ölkələr dünyanı bəzər,
Yurduma, elimə tay ola bilməz.
Bakı qızlarının gülüşlərini
Görmüsən harada, hansı gözəldə?
Vətəndə ötüşən günün birini
Mümkünmü yaşamaq əcnəbi eldə?
Ürəkdən bağlıyam müqəddəs yurda,
Torpağım, diyarım cahana bəlli.
Böyüyüb boy atdıq çarpışmalarda,
Çalınan zəfərlə tapdıq təsəlli.
Nə yaxşı hər yerdə qəhrəman elim,
Vüqarım, köməyim, dayağım olub.
Təmizdir vicdanım, uzundur dilim,
Cəsarət, dəyanət bayrağım olub.
Gəzib-dolaşdıqca qürbət ölkədə,
El düşdü, a dostlar, yadıma mənim.
Belə susamışdı qəlbim bəlkə də,
Xəyallar yetişdi dadıma mənim.
İyun 1986
Finlandiya