Eləmə

Gülüm, sevmirəm deyərək
Ürəyimi qan eləmə.
Həsrətinə dözmür ürək,
Məni pərişan eləmə.

Baxışınla, gözünlə sən,
Hər tənəli sözünlə sən,
Aya bənzər üzünlə sən
Qəlbimi şan-şan eləmə.

Dözəmmirəm sənsi axı,
Neyləyərsən mənsiz axı?
Yandım səssiz, ünsüz axı,
Məni nurundan eləmə.

Əhdi-peymanı unutma,
Sevən insanı unutma,
Dini-imanı unutma,
Gəl sən nahaq qan eləmə.

Yada qıyma Əlini sən,
Tənha qoyma Əlini sən,
Ögey sanma Əlini sən,
Bülbülü bağdan eləmə.

26 iyun 2000