Elin gözü tərəzidi tərəzi

Elin gözü tərəzidi tərəzi,
Düzgn çəkir, yaxşı ölçür o bizi.
El səhv etmir bizə qiymət verəndə,
Düzgün dərk eləyək öz yerimizi.

Ellə gələn toy-bayramdı, toy-bayram,
Ellə durub-oturağın biz müdam.
El arxandı, el sahibin həyatda,
Eli sevsin, eldən umsun hər adam.

Dama-dama vallah göl olar, bilin,
Damlalar yığılıb sel olar, bilin.
Damlalardan yaranıbdır ümmanlar,
Zərrədən ibarət dünya var, bilin.

Başı daşdan-daşa dəyib həyatda,
Kişitək sözünü deyib həyatda.
Nələr eşitməyib, nələr həyatda,
Amma halal çörək yeyib həyatda.

Arxasını yerə vermir pişiktək,
Ha deyirsən inadından gəl əl çək.
Bildiyini heç kimsəyə verməyir,
El həmin sudur, həmin də dibək.

Əlacı kəsilən, suda boğulan,
Saman çöpündən də yapışar inan.
Ölüm təhlükəsi gəlib çatanda,
Əl atar ümidlə tükə də insan.

Bildirki sərçəyə bir görün necə
Cib-cib-cib öyrədir bu ilki sərçə.
Vətəni heç zaman tərk etməyirlər,
Qəribə bir quşdur sən bil ki, sərçə.

Gəl otur saldığın süfrə başında,
Dadlı olar küftən də, bozbaşın da.
Süfrəni açanda bil, gör nəyin var?
Gərək olsun kababın da, aşın da.

Dəvəni xəlbirlə suvarmaq olmaz,
Xəlbir su saxlamaz, onda su qalmaz.
Dəvə də dəvədi, nəhəng heyvandır,
Onun üçün bulaqlar da azdır, az.

İndi uzaqdasan, yada sal məni,
Zəng elə, zənginlə oda sal məni.
Gözüm qalıb yollarında haçandır,
Gəl həsrətin caynağından al məni.

30 sentyabr 2002