Eşqə sadiq olmalıdır kim səni sevsə dünyada

Eşqə sadiq olmalıdır kim səni sevsə dünyada,
Saf məhəbbət atəşində sən də alış, yan, gözəlim.

Aldı ağlımı başımdan sənin mənalı gülüşün,
İlqarını unutma gəl, sevdiyini an, gözəlim.

Vurulacaq bircə anda hüsnünə, gül camalına,
And içəcək öz eşqinə hər sadiq oğlan, gözəlim.

Gözlərində bir ovsun var, ürkək-ürkək baxma elə,
Ürəklərə dərman ol sən, dərdlərə loğman, gözəlim.

Fikir-xəyal içindəyəm, gülüm, səni görən gündən,
Qoy başlayım taleyindən yeni bir dastan, gözəlim.

Ümidlə bax gələcəyə, fikrə dalıb qəm eləmə,
Sabah eşqin bağçasında gül açar hər yan, gözəlim.

Gözəlliyi vəsf elədi eşqə məftun Əli Vəkil,
Yad edəcək ömrü boyu səni hər bir an, gözəlim.

10 iyun 1998