Bizə beşik olan dünyada
Tək səni bəyənib düşmüşəm oda,
Ən çətin anımda yetişdin dada,
Eşqin badəsini içdim, nə yaxşı.
Mənə dayaq olub qol-qanad verdin,
Sevincli, həsrətli bir həyat verdin,
Məhəbbət soraqlı kainat verdin,
Tək səni bəyəndim, seçdim, nə yaxşı.
Cahanda tayın yox, bərabərin yox,
Qəlbimdə atəşdən heç xəbərin yox,
Sakinsən ürəkdə özgə yerin yox,
Əngin səmalara uçdum, nə yaxşı.
Həyatda kimlərə bənzədim səni,
Dünyada mənimtək sevər kim səni?
Yaxına qoymaram inan, kimsəni,
Könlümü tək sənə açdım, nə yaxşı.
Alın yazısıymış, qarşıma çıxdın,
Bu sevda yolunda sədləri yıxdın,
Eşqin bayrağını zirvəyə taxdın,
Sədaqət donunu biçdim, nə yaxşı.
Gül açıb baharım, yazım cahanda,
Qoy sənin eşqindən yazım cahanda,
Susarmı sinəmdə sazım cahanda?
Sınaq körpüsündən keçdim, nə yaxşı.
Hər gün nəğmə dilə Əli Vəkildən,
Oxu gülə-gülə Əli Vəkildən,
Dil tök, danış gülə Əli Vəkildən,
Hər şeyi yüz ölçüb-biçdim, nə yaxşı.
12 noyabr 1999