Evtikən əmi

Açıldı səhər,
Doğdu al günəş.
Qaranlıqları
Boğdu al günəş.

Kimi məktəbə
Yollandı tezdən.
Gül balalardı
Bağçaya gedən.

Mehriban nənə
Nəvəsi ilə
Evdə qaldı tək.
Dedi: – Mətanət,
Gəl biz də durub
Bazara gedək.

Əl-ələ verib
Çıxdılar evdən.
Nənə mehriban,
Nəvə gülər, şən.

Baxıb gördülər
Qonşu həyəti –
Gültəkingilin
Birmərtəbəli
Daş evlərini
Gəlib bu səhər
Taxtalar ilə
Çəprərləyiblər.

Evin önündə
Ekskavator,
Bir də buldozer
Dayanıb qoşa.
Mətanət dedi:
– Nənəcan, dayan,
Bu maşınlara
Edək tamaşa.

Hələ ora bax,
Birinin yekə
Qazanı da var.
Həyətlərinə
Nə üçün gəlib
Bəs bu maşınlar?

– Qızım, bilirsən?
Əmilər gəlib
Gültəkingilin
Evini sökə.
Köhnə, yöndəmsiz
Bu məhəllədə
Çoxmərtəbəli
Gözəl ev tikə.

Bu maşınların
Biri buldozer –
Yerdüzəldəndir.
Lazım gələndə
Daşı, torpağı
Aparıb gedir.

O biri maşın,
Ekskavator –
Yeriqazandır.
Göydən asılan
Yekə çalovu
Sanki qazandır.

– Nənə, bilirsən,
Bu maşınların
Çətin adı var.
Heç o sözləri
Deməkmi olar?

Onda onların
«Yerqazan» maşın
Deyim birinə.
İkincisinə
«Yeridüzəldən»
Söyləyim, nənə.

«Yeridüzəldən»,
«Yerqazan» maşıe.
Yaxşı tapmısan
Bu adları sən.

Mənim də dilim
Yatmır, ay bala.
Heç xoşum gəlmir
Çətin sözlərdən.

Nənəylə nəvə
Söhbət etdilər.
Bakımızdakı
«Şərq bazarı»na
Gəlib yetdilər.

Səhərisi gün
Çəkilib getdi
Hərə bir yerə.
Ata, ana da
Tapşırıq verdi
Evdəkilərə.

Qardaşı Arif,
Bir də Mətanət
Cüt oturdular.
Özünüz deyin,
Heç bu dəcəl qız
Bir yerdə durar?

– Ay qaqaş, gedək,
Gəzinək bir az.
Evdə tək-tənha
Oturmaq olmaz.

Gültəkingilin
Həyətlərini
Sökürlər, qaqaş!
Avtomaşınlar
Daşıyır ordan
Çoxlu torpaq, daş.

Bacı və qardaş
Birlikdə gəlib
Çatdılar ora.
Bir neçə həyət
Alınmış idi
Burda hasara.

Budur, «Yerqazan»
Daşı, torpağı
Çalovu ilə
Qaldırıb tökür
Avtomaşına.
Arif, Mətanət
Dayanıb burda
Baxırlar ona.

«Yeridüzəldən»
Güclü maşın da
Uçurur bir-bir
Xırda evləri.
Maşınlar gələn
Böyük qapıdan
Birinci Arif
Girir içəri.

Təzə binanın
Dərin özülü
Qazılır bu gün.
Böyük bir bina
Tikiləcəkdir
Sevilgil üçün.

Uşaqlar görür
Burada taxta
Bir evcik də var.
Orda yəqin ki,
Layihə cızan
Əmilər yaşar.

Həmin evcikdən
Çıxır bayıra
Ucaboy oğlan.
Dillənir birdən:
– Yaxına gəlin,
Niyə baxırsız,
Axı uzaqdan?
Ay gül balalar.
Deyin, burada
Nə işiniz var?

Mühəndis Arif
Əl verir dərhal
Bacı-qardaşa.
– Diqqət ilə siz
Bu maşınlara
Edin tamaşa.
Ay şeytan bala,
Gəl tanış olaq,
Adım Arifdir,
Mühəndisəm mən.
– Evsökən əmi,
Xoşum gəlməyir
Mənim heç sizdən.

Evsökənsiniz,
Gültəkingilin
Evini niyə
Sökürsünüz siz?
Bağça yoldaşım
Sevil hardadır?
Qala bilmirəm
Axı Sevilsiz?
Qoymaram heç vaxt
Qardaşım Arif
Evsökən olsun.
Mühəndis olsa
Evtikən olsun!

– Ay qəşəng bala,
Ağıllı quzu.
Əgər köhnəni
Söküb-tökməsək,
Şəhərimizdə
Çoxmərtəbəli
Təzə binanı
De, harda tikək?

Şəhərin gözəl
Bir guşəsində
Ucalır göyə
Nəhəng bir bina.
Təzə mənzilə
Köçənlər də var,
Çıxır eyvana.

Mənzil veriblər
Yeni binada
Mətanətgilə.
Hər gün burada
Görüşəcəkdir
Bağça yoldaşı
Gültəkin ilə.

Burda Sevil də
Mətanət ilə
Dostluq edəcək.
Əl-ələ verib
Onlar məktəbə
Birgə gedəcək.