Ey məh, qondun bağçamıza, ordan uçma amandı,
Əhdimiz var məndən uzaq qaçma, qaçma amandı.
Aldatmasın əğyar səni, mən sözümdən dönmərəm,
Yadların eşq şərbətini içmə, içmə amandı.
Aşiq olma yer üzündə var-dövlətə heç zaman,
Özgəsini özünə yar seçmə, seçmə amandı.
Ürəyində qoru təmiz əhdimizi, sevgini,
Sən ayrılıq libasını biçmə, biçmə amandı.
Say qəlbimdə gəzdirirəm saf eşqini haçandan?
Sən də bir özgə ünvana köçmə, köçmə amandı.
Gəl yalançı aşiqlərin inanma sözlərinə,
Sən soyuq qəlblərə işıq saçma, saçma amandı.
Əli Vəkil öz əhdinə, ilqarına sadiqdi,
Ürəyini sən kimsəyə açma, açma amandı.
4 aprel 2003