Ey məh, sevirəm söyləsən, gül açıb hər yan güləcək

Ey məh, sevirəm söyləsən, gül açıb hər yan güləcək,
Bülbüllər cəh-cəh vuracaq, baği-gülüstan güləcək.

Sezmək çətin onda, gülüm, anlar necə ötüb keçir,
Açılacaq mənim könlüm, bü çərxi-dövran güləcək.

Baş vuracıq biz məhəbbət ümmanına sübhə qədər,
Səhər tezdən doğan günəş, sökülən al dan güləcək.

Yenə yada düşəcəkdir o sevdalı anlarımız,
Sənin kimi məni anan, oduma yanan güləcək.

Qəlbimizə yazacağıq biz məhəbbət nəğməsini,
Fərəhindən, sevincindən eşqimi anan güləcək.

Baxacağam mən doyunca sənin o gül camalına,
Göydən enib mələklər də olacaq mehman, güləcək.

Əli Vəkil Göyçəsizdi, Şuşasızdı, kədəri var,
Qarabağım yad əlində, ürəyi haçan güləcək?!

31 mart 2003