Fərizə-İlham dastanı

 

 

Əli VƏKİL

                             (poema)

 

 

Ölüm sevinməsin qoy!.. Ömrünü vermir bada,
El qədrini canından daha əziz bilənlər.
Şirin bir xatirətək qalacaqdır dünyada,
Sevərək yaşayanlar, sevilərək ölənlər…

                                                           Səməd Vurğun

 

 

PROLOQ

Oyun açdın başımıza,
Fani dünya, fani dünya.
Sən su qatdın aşımıza,
Fani dünya, fani dünya.

Meydan verdin xəyanətə,
Başkəsənə, kəmfürsətə,
Zülm elədin bir millətə,
Fani dünya, fani dünya.

Harda qaldı Qarabağım,
Darda qaldı Qarabağım,
Torda qaldı Qarabağım,
Fani dünya, fani dünya.

Bakımızda qan tökdülər,
Qanı nahaqdan tökdülər,
Sinəmizə dağ çəkdilər,
Fani dünya, fani dünya.

Qırğın saldı qaniçənlər,
Qisas aldı qaniçənlər,
Nələr gördü yurdum nələr,
Fani dünya, fani dünya.

Başdan aşdı səhvlərimiz,
Düzəltmədik səhvləri biz,
Kədərimiz oldu dəniz,
Fani dünya, fani dünya.

Sökülür Şuşa qalası,
Çoxmu yad əldə qalası,
Açmır dağların lalası,
Fani dünya, fani dünya.

Daim pərişandı halım,
Tarı-mar olub Xocalım,
Qisasını gərək alım,
Fani dünya, fani dünya.

Xəyanət gördüm nə qədər,
Qurbanlar verdim nə qədər,
Torpağı itirdik hədər,
Fani dünya, fani dünya.

Fərizə-İlham dastanı,
Dildə dolaşsın hər yanı,
Onlar kimi sevən hanı?
Fani dünya, fani dünya.

Ucaldılar xalq gözündə,
Möcüzədi yer üzündə,
Mat qalmısan sən özün də,
Fani dünya, fani dünya.

“Leyli və Məcnun” da yalan,
Əfsanədi yadda qalan,
Bu dastandı gerçək olan,
Fani dünya, fani dünya.

“Əsli və Kərəm” nə demək?
“Fərizə-İlham”dı gerçək,
Nəsillər qiymət verəcək,
Fani dünya, fani dünya.

               ***

Bir yanıqlı hekayət,
Başlayıram bu gün mən.
Xəbər tutsun insanlar,
Bir eşqin qüdrətindən.

Ölümə qalib gələn,
Sədaqətdən yazıram.
Al günəşə yüksələn
Məhəbbətdən yazıram.

Təsvir üçün sözləri,
Tapmaq çətindir, çətin.
Mələklərdir yazanı,
İlahi məhəbbətin.

Deyirəm, qoy bu işdə,
Allah yetsin dadıma.
Məhəbbət dastanları,
Düşür bir-bir yadıma.

O dastanlar əfsanə,
O dastanlar nağıldı.
Kimlərsə uydurubdu,
Yazanı var -nağıldı.

Fərizə-İlham bu gün,
Sevgidə örnək oldu.
Sədaqətdən, ülfətdən
Bir möcüzə doğuldu.

Xəyallara qərq olub,
Dəyanətdən yazıram.
Yüz yol saralıb, solub,
Məhəbbətdən yazıram.

Elə zənn etməyin ki,
Adi məhəbbətdi bu.
Nağıllara bənzəyən,
Sirdi, həqiqətdi bu.

Bu sevgi dastanının,
İki qəhrəmanı var.
Ölümə qalib gəlib,
Əhdə sadiq qaldılar.

           ***

İyunun on ikisi,
Altmış ikinci ildə.
İlham dünyaya gəldi,
Ağdamda -doğma eldə.

Anası Ofeliyanın,
Sevinci aşdı-daşdı.
Qanadlanan xəyalı,
Yeri, göyü dolaşdı.

İlahidən Əjdərə,
Bu da bir oğul payı.
Yaddaşına yazdı o,
İlham doğulan ayı.

Tanrı qisməti idi,
İki oğul, üç də qız.
Dərdə, qəmə qərq olar,
Ata-ana övladsız.

Doğmalar da sevindi,
“İlham” dedilər ona.
Vətən səsləyən zaman,
Yetəcəkdi dadına.

Elxan ilə İlhamın,
Üç bacısı var idi.
Tofiqə və Rəsmiyyə,
Gülbəniz nübar idi.

Beləcə sürücü Əjdər atanın,
Beş övlad qayğısı düşdü çiyninə.
Bilirdi qədrini hər ötən anın,
Düşündü, daşındı o, dönə-dönə.

Nəhayət, Ağdamı tərk etdi bir gün,
Onu salamladı Bakı şəhəri.
“Xutor”da yer tapdı ailə üçün,
Amma azalmadı dərdi, kədəri.

Sıxdı məngənədə Əjdəri dövran,
Dözəmmədi bacısının dərdinə.
Qırx iki yaşında köçdü dünyadan,
Elxanın qayğısı çoxaldı yenə.

Yeddinci sinifdə oxuyan İlham,
Tənha nənəsinin yanına döndü.
“Ar olar qarını burda tək qoyam”,
Doğma Ağdam ona cənnət göründü.

Zəhməti çox sevdi bu cəsur oğlan,
Gündüzlər işləyib gecə oxudu.
Nənəsini tək qoymadı bircə an,
Gör necə əlləşdi, necə oxudu?

Nənəsinin nazı ilə oynadı,
Qarı onu qəlbdən sevdi, “can” dedi.
Düşmədi dilindən İlhamın adı,
“Sənə kömək olsun Yaradan” dedi.

Nənə-nəvə yaşadılar mehriban,
Qovdu günlər günü, aylar da ayı.
Bakıda Ofeliya darıxdı yaman,
Övladlar yanında, ondan savayı.

Əsgərlik yaşına altı ay qalmış,
İlhamı nənədən istədi ana:
“Həsrəti qəlbimə yaman od salmış,
Bir az qulluq edim gərək mən ona.

Əsgəri xidmətə yollanacaqdır,
Barı bişirdiyim xörəkdən yesin.
Onsuz ana qəlbim hey dolacaqdır,
Bəlkə sirr sözü var, qoy mənə desin”.

Etiraz etmədi nənəsi buna,
Ananın istəyi həqiqət oldu.
Gözünün yağını yedirtdi ona,
Ürəyində xoş arzular doğuldu.

Bircə an göründü ona yarım il,
İlhamı xidmətə yola saldılar.
O gün yaddaşlardan silinən deyil,
Bir az keçdi, ondan məktub aldılar.

Sevindilər bacıları, qardaşı,
Ananın ürəyi döndü bir dağa.
Yazırdı, az deyil dostu, sirdaşı,
Elxan pıçıldadı: “Sağ ol, ay qağa!”

Ananın adına komandirindən,
Təşəkkür məktubu gəldi neçə yol.
“Cəsur bir döyüşçü böyütmüsən sən,
Əsgərlərə nümunədir, çox sağ ol!”

Tez açdım o zərfi, açdım fərəhlə,
Sənin komandirin yazmışdı, İlham.
Təşəkkür məktubu gələrək dilə,
Xoş sözlər söylədi, danışdı, İlham.

Təşəkkür eləyir komandirlərin,
Orduda uğurlu xidmətin üçün.
Bir gör, nələr deyir komandirlərin,
Cəsursan, sağlamsan, itidir gözün.

Yazırlar, xoşbəxtin xoşbəxtiyik biz,
Sənin tək qeyrətli oğlumuz vardır.
Deyirəm, öyünsün qoy Vətənimiz,
Onun keşikçisi mərd oğullardır.

Əsgəri xidmətə yola salanda,
Dedim: “Xoş sədanı eşidim sənin,
Həyatda gülməyib üzü bir an da,
Şöhrət axtaranın, xeyir güdənin.

Çıxmayıb öyüdüm yadından demək,
Əhdinə, andına sadiq qalmısan.
Odlu, atəşlidir köksündə ürək,
Vüqarlı ömür sür, oğlum, hər zaman”.

İlham əsgərlikdə nələr görmədi,
Dözdü hər əzaba, hər çətinliyə.
“Darıxma, ay ana, dönərəm” -dedi,
“Vətənin adını batırım niyə?”

Ofeliya ananın gözü yol çəkdi,
İlhamı həsrətlə gözlədi hər gün.
Verib öz borcunu o gələcəkdi,
Çəkərək adını “can” dedi hər gün.

Ananın hər günü sanki il oldu,
O da qulluq etdi öz İlhamıyla.
Hər an övladını yadına saldı,
Gecə də, gündüz də göz dikdi yola.

Beləcə həsrətlə ötdü iki il,
İlham evə döndü ər oğlu ər tək.
Gərək iş axtara, boş qalan deyil,
Hələ çoxlarına olacaq örnək.

                       ***

“Təbrik et, ay ana, təbrik et məni,
İş tapdım özümə, ürəyimcədir.
Təmir edəcəyik neçə gəmini,
Zəhmətdən qorxmaq nə, çəkinmək nədir?”

Şərəfli peşədir gəmi təmiri,
Şöhrətli zavoddur, öz adı, sanı.
Mənim üçün ən münasib iş yeri,
Zəhmətdir ucaldan hər bir insanı.

İşlədi, oxudu, qələbə çaldı,
Politexnik texnikumu bitirdi.
Nə yaxşı, ixtisas diplomu aldı,
Onda səksən doqquzuncu il idi.

                       ***

Qərbi Azərbaycan -Oğuz diyarı,
Çoban ata, Bağda ana narahat.
Dünyaya göz açdı qız övladları,
Onların üzünə gülmüşdü həyat.

İlham boy atırdı Qarabağında,
Onda onun səkkiz yaşı var idi.
Əjdərin evində -öz torpağında
Ata da, ana da bəxtiyar idi.

İkinci sinifdə oxuyurdu o,
Bilməyirdi məhəbbət nə, sevgi nə.
Sevirdi ürəkdən doğma yurdu o,
Diqqət yetirirdi öz dərslərinə.

Nə biləydi, avqustun on birində,
Yetmişinci ildə yarı doğuldu.
Oğuz diyarının özgə yerində,
Bəxt ulduzu, vəfadarı doğuldu.

Nə biləydi, gün gələcək onların,
Göydə ulduzları barışacaqdı.
Adı qoşa çəkiləcək onların,
Zirvələr fəth edib, dağ aşacaqdı.

Fərizə qoydular qızın adını,
Gətirmişdi qanadında mələklər.
Yazın ürəklərə, yazın adını,
Qızıl gülə bənzəyirdi təzə-tər.

Sinəsindən göz muncuğu asdılar,
Bədnəzərdən uzaq olsun dedilər.
Belə körpə yer üzündə harda var?
Görənlər öpdülər, əzizlədilər.

Nazı ilə oynayıb,
Onu əzizlədilər.
Nə istədi aldılar,
Ürəkdən “can” dedilər.

Ata, ana böyütdü,
Qızı göz bəbəyitək.
Bilmədilər solacaq,
Yanvar günü tər çiçək.

Odlu-alovlu sevgi,
Sönəcək qarlı qışda.
Fərizə susacaqdır,
Nakam – iyirmi yaşda.

İlham səkkiz yaşında,
Yarı gəldi dünyaya.
Bilmirdi ki, adları,
Çatacaq Günə, Aya.

Nə biləydi Fərizə,
Böyüyür yarı -İlham.
Onun vuran ürəyi,
Ömür baharı İlham.

Onlar yaşa dolurdu,
Bir-birindən xəbərsiz.
Qonşu edəcək bir gün,
Bu gəncləri cığır, iz.

           ***

Bu da alın yazısı,
Bu da tale qisməti.
Kim izah edə bilər,
Belə sirli hikməti.

Budur Çoban atanın,
Ailəsi Bakıda.
Şəhər ona yer verib,
Vaxtında çatıb dada.

Fərizə də ürəkdən,
Sevirdi təbabəti.
“Həkim olmalıyam mən”,
Qərar vermişdi qəti.

Bir saylı tibb məktəbi,
Onu aldı qoynuna.
Qızı qəbul olanda,
Sevindi Bağda ana.

Qız dedi, qoy günlərim,
Xalatım tək ağ olsun.
Dərdə dərman tapılsın,
Xalqın canı sağ olsun.

Nə biləydi hər şeyin,
Düşər-düşməzi varmış.
Ürəkdəki arzular,
Qönçədəcə solarmış.

Bacı qədər sevirdi,
Fərizə Gülbənizi.
Bir olardı onların,
Bir olardı sirr sözü.

Sinif yoldaşı idi,
Rəfiqələr bir zaman.
Qızların bu dostluğu,
Çıxmışdı imtahandan.

Bir-birini seviblər,
Doğma bacılar kimi.
Məhəbbətə onların,
Ehtiyacı var kimi.

Ofeliya ana hərdən,
“Ay İlham, tərpən görək”.
Zarafatla oğluna,
Üz tuturdu gülərək.

Bir halal süd əmmişi,
Tanrı yetirsin, ana.
Qəlbinə yatsa əgər,
Elçi göndərək ona.

Oğlum, axı səndən də,
Bir az hərəkət gərək.
Göstər o el qızını,
Biz də razılıq verək.

            ***

Qonaqlar çox gəlmişdi,
Gülbənizin ad günü.
Doğmaların, ananın,
Ən fərəhli, şad günü.

Gələnlərin içində,
Olubdu Fərizə də.
İlham görəndə deyib,
Mələk gəlib bizə də?

Bir könüldən min könülə,
Ona vurulub oğlan.
Nə yaxşı ki, gəncləri,
Görüşdürdü bu dövran.

              ***

Altdan-altdan iki gənc,
Bir-birinə göz qoyub.
Nə qədər baxsalar da,
Nə qız, nə oğlan doyub.

Ad günü başa çatıb,
Dağılışıb qonaqlar.
İlham görüb məclisdə,
Mələk timsallı qız var.

İki oğrun baxışdan,
İki qəlbə od düşüb.
Gülbənizin şənliyi,
Yamanca şən ötüşüb.

Sübhə qədər yatmayıb,
Nə İlham, nə Fərizə.
Ürəkdən sevənlərin,
Balıncı dönüb közə.

Xoş hisslər yol tapıbdır,
İlhamın ürəyinə.
Öz-özünə söyləyib,
“Ya Rəbb, nə olub mənə?”

Nə kağız axtarıb o,
Nə də qələm götürüb.
İlk sevgi nəğməsini,
Yaddaşına köçürüb.

“Gün gələydi bu şeiri,
Fərizəyə deyəydim.
Allahımı çağırıb,
Baxıb göyə deyəydim”.

Qəlbindəki ilk nəğmə,
Tanrıdan, Haqdan gəldi.
Xəyala qərq olduqca,
Hər şey ona dan gəldi.

Yazı yazan İlahi,
Demə belə yazıbmış.
Fərizə-İlham eşqi,
Düşdü dilə -yazıbmış.

Yazılmışdı o nəğmə,
Oğlanın yaddaşına.
Sonralar Fərizə də,
Qulaq asdı hey ona:

“Bilirsənmi, haçandan?
Dünyaya göz açandan,
Ay ömrümə gələn dan,
Mən səni axtarırdım.

Uzun yollar keçərək,
Həsrət, hicran içərək,
Köksümdə odlu ürək,
Mən səni axtarırdım.

Bilməsəm də yerini,
Düşünüb gözlərini,
Çəkib dərdi-sərini,
Mən səni axtarırdım.

Qönçədə arzum mənim,
Baharım, yazım mənim,
Nəğməm, avazım mənim,
Mən səni axtarırdım.

Nə biləydim ki, varsan,
Sevimli bir dildarsan,
Fərəhsən, iftixarsan,
Mən səni axtarırdım.

Eşq oduna yanmağa,
Ömrüm, günüm sanmağa,
Uçub pərvazlanmağa,
Mən səni axtarırdım.

Qəlbimiz Aydan arı,
Məni anla, duy, barı,
Gəl qoruyaq ilqarı –
Mən səni axtarırdım.

Gendən-genə baxma, gəl,
Şimşək kimi çaxma, gəl,
Atəşlərə yaxma, gəl,
Mən səni axtarırdım.

Gecəm, gündüzüm, getmə,
Ən şirin sözüm, getmə,
Ay görən gözüm, getmə,
Mən səni axtarırdım.

İllərlə izləmişəm,
“Gələcəksən!” demişəm,
Ürəyimdə kədər, qəm,
Mən səni axtarırdım.

Yol çəkib gözüm bu gün,
Gülübdür üzüm bu gün,
Belədi sözüm bu gün,
Mən səni axtarırdım.

Tapmışam, itirmərəm,
Heç kimsəyə vermərəm,
Sən Əslisən, mən Kərəm,
Mən səni axtarırdım”.

                   ***

Səksən doqquzuncu ilin mart ayı,
İlhamgildən “hə” almağa gəldilər.
Qadınlar bayramı, varmıdır tayı,
Martın səkkiziydi, deyib güldülər.

Qız evindən “hə” cavabı alanda,
Şirin çay içildi, hamı sevindi.
Şirinləşdi bayram günü bir anda,
Xoşbəxtlik diləyib elçilər dindi.

Dedilər bəxtəvər yaşayar onlar,
Elçilik ən gözəl bir günə düşüb.
Həyatda gənclərə tale olsun yar,
Yəqin göydə ulduzları görüşüb.

Qət etdilər həm də nişan gününü,
Martın on doqquzu xonçalar gəlsin.
Sevincin ürəkdə daşan gününü,
Hamı alqışlasın, doğmalar bilsin.

Səadət diləyib elçilər dindi,
Ömürləri toy-bayramla keçəcək.
Qadınlar bayramı -tarixi gündü,
Qismətləri olacaqdı gül-çiçək.

Nəhs gün oldu səkkizi mart bəs niyə?
Günün də var imiş düşər-düşməzi.
Gənclər həsrət qaldı bəxtəvərliyə,
Hopdu ürəklərə matəmin izi.

Burda qeyri-adilik,
Burda qəribəlik var.
Fərizə də, İlham da,
Yayda doğulmuşdular.

İlin isti fəslində,
Dünyaya göz açdılar.
Şəhid oldular qışda,
Təbiətdə şaxta, qar.

Səksən doqquzuncu il,
On doqquz martda nişan.
On doqquz yanvar günü,
Güllə yağdı səmadan.

Yoxsa nişan gününün,
Düşər-düşməzi varmış?
Qanlı on doqquz yanvar,
Onları çağırırmış?

Ömürləri beləcə,
Düşər-düşməzlə dolu.
Üzü fəlakətlərə,
Gedirmiş ömür yolu.

Qısa bir ömürdə görün nə qədər,
Var düşər-düşməzlər, var adiliklər.

Qız toyunda yüz ölçdülər, biçdilər,
“Solmaz” şadlıq sarayını seçdilər.

Daim həyatları solmaz olacaq,
Onlar bir-birinə sadiq qalacaq.

On bir iyun günü qız toyu oldu,
Məclis əhli nə bezdi, nə yoruldu.

Bəlkə təsadüfdü, bəlkə zərurət,
Bir qeyri-adilik, həm də ki, hikmət.

Qız toyu “Solmaz”da uzandı o gün,
Özünü yetirdi on iki iyun.

İlhamın ad günü -iyirmi yeddi yaş,
Nə lazım həyəcan, nə lazım təlaş.

Gözəl təsadüfdü dedilər ona,
Döydü sinəsinə Ofeliya ana:

“Oğlum, ömrün toy-düyünlü olacaq,
Bu ad günün yaddaşlarda qalacaq”.

Ay Allah, bəs niyə tərsini gördük,
Faciədən köksümüzü ötürdük.

Hər şey yuxu, xəyal imiş sən demə,
Dağüstü park gözləyirmiş sən demə.

Yox, bu günü görməyəcək heç zaman,
Alacaq qoynuna onu Xiyaban.

Onsuz keçəcəkdi ad günü daha,
Ana görməyəcək şad günü daha.

                         ***

Hazırlıq görülür oğlan toyuna,
Qayğılıdır yenə Ofeliya ana.

Şadlıq sarayları hey sadalanır,
Dedilər biri də “Leyla” adlanır.

Yenidir, ilk dəfə açılır saray,
Gəl-gəl deyir qapıları taybatay.

Hələ heç bir toy olmayıb, nə yaxşı,
İlham toyun yaraşığı, naxışı.

“İlk şənlik keçirən biz olaq gərək,
İlk xeyir-duanı biz alaq gərək”.

Güldü, fərəhləndi Ofeliya ana,
Sarayın adı da xoş gəldi ona:

“Mənim gəlinim də Leyladı, Leyla,
Bir adı Fərizə, bir adı Leyla”.

Düşər-düşməzi varmış,
Bu dünyada çox şeyin.
“Leyla” şadlıq evində,
Birinci toy etməyin.

Gəlinə Leyli bəxti,
“Leyla” şadlıq evindən?
Düşündükcə bunları,
Qərq oluram dərdə mən.

Orda şənlik keçirmək,
İlhamgilə düşmədi.
Məhəbbətin bağında,
Meyvələr yetişmədi.

Onlar üçün dünyada,
İyun daha doğmaydı.
Doğmalar münasib gün,
30 İyunu saydı.

Dəvətnamə paylandı,
“30 İyun” yazıldı.
Dillərdə əzbər oldu,
Fərizə-İlham adı.

Bəlkə ayın son günü,
Xoşbəxtliyin sonuydu?
Altı ayda sevinci,
Hansı sel gəlib yudu?

Niyə doğulduğu ay,
Sevinc ayı olmadı?
Otuz iyun əbədi,
Yaddaşlarda qalmadı?

Möcüzələr birdimi?
Möcüzələr ondumu?
Uçub bədbəxtlik quşu,
Başlarına qondumu?

İlhamın dayoğlusu,
Almışdı təzə maşın.
İlk dəfə toyda sürdü,
Gəldimi gözə maşın?

Yan şüşəsi sınıbdı,
Dayandığı yerdəcə.
Ufalanıb tökülüb,
Çiliklənib gör necə?

Bütün bunlar öndəki,
Müsibətdən nişanə.
Nağıldan, əfsanədən,
Bəd niyyətdən nişanə.

Mənə əyan olanlar,
Bu qədərdir, bu qədər.
Qara yanvarda idi,
Fəlakətlər, dərd, kədər.

            ***

Xəyalım qanad açdı,
Martın əvvəllərinə.
Fərizəylə İlhamı,
Seyr etdim dönə-dönə.

Bir-birini çox sevir,
Adaxlanıb bu gənclər.
Ülviyyət zirvəsində,
Cüt dayanıb qoşa zər.

İlk görüşə çıxıblar,
Şad günüdür onların.
Vallah yoxdur dəyəri,
Saatların, anların.

Baş aça bilməyirəm,
Doğrusu, ay, Fərizə.
Mat qalıram qəlbimdə,
Nəğməyə dönən sözə.

Məhəbbət dastanı yaz,
Bizdən yadigar olsun.
Oxuyanlar deyəcək,
Şair İlham var olsun.

Mən ki, şair deyiləm,
Bilməzdim şeir nədir?
Vallah eşqin yazdırır,
Bu da bir möcüzədir.

Sizə ilk gəldiyim gün,
Nəsə yazmışdın mənə.
“Mən səni axtarırdım”
Onu bir də desənə.

Yadımda qalmayıbdır,
Dinlə təzə nəğməmi.
Gözəllərin gözəli,
Mələk saymışam səni.

İstədim ki, o şeiri,
Kağıza köçürəm mən.
Nə sirdirsə unutdum,
Tez çıxdı xatirimdən.

Deyəcəyim bu şeiri,
Yəqin bəyənəcəksən.
Mənim üçün dünyada,
Mələksən ki, mələksən:

“Rəhmə gəl, zalım balası,
Sən ki, can alan mələksən.
Ürəyim eşqin qalası,
Qəlbə od salan mələksən.

Gül yanağın, qaşın, gözün,
Şux yerişin, gülər üzün,
Özünə qiymət ver özün,
Yarını bulan mələksən.

Necə işvə, necə nazdı,
Sənə bənzər gözəl azdı,
Yazı yazan mənə yazdı,
Göylərdən gələn mələksən.

Bəzə bir ömrün yazını,
Dinləyim şirin sözünü,
Qəlbin məhəbbət sazını,
Həvəslə çalan mələksən.

De, hansı gün doğulmusan,
Məhəbbətdə büt olmusan,
Bədnəzərdən gendə dayan,
Eldə gəz-dolan, mələksən.

Sadiq yar andı ürəyin,
Məni duyandı ürəyin,
Sevgidən yandı ürəyin,
Gözləri dolan mələksən.

Sevən kəslər sözə aşiq,
Qəmli, gülər üzə aşiq,
Vurulanlar saza aşiq,
Sözdən zövq alan mələksən”.

İlhamı dinləyib güldü Fərizə:
“Oldun haqq aşığı, gəlməyək gözə.

Yazıb-yarat saf məhəbbət dastanı,
Dilə düşsün qoy sədaqət dastanı”.

Fərizə, deyirəm ulu dünyada,
Ürəkdən sevənlər düşürlər oda.

Halal ola məhəbbəti hər kəsin,
Dildə gəzə sədaqəti hər kəsin.

Ürəyimdə atəşin var, közün var,
Eşqimizə tərif olan sözüm var.

Daş-qaşa, sərvətə, vara satmazlar,
Qəlbdə yaşadarlar, amma atmazlar,
Ülvidir, alidir, haram qatmazlar,
Hamıya gərəkdir halal məhəbbət.

Sevib-sevilibdir bəşər övladı,
Ülfət doğma edir dünənki yadı,
Bütün insanların qolu, qanadı,
Hamıya gərəkdir halal məhəbbət.

Könüldən sevənlər xoşbəxt, bəxtiyar,
Hər aşiqin öz istəyi, bəxti var,
Onu anlamayan xar olacaq, xar,
Hamıya gərəkdir halal məhəbbət.

Məcnunu, Leylini yaradan odur,
Əsliyə, Kərəmə, yara dan odur,
Damarda dövr edən, axan qan odur,
Hamıya gərəkdir halal məhəbbət.

Heç kimsə etməsin xəyanət ona,
Həmişə bəsləsin xoş niyyət ona,
Daim sadiq qalıb hər millət ona,
Hamıya gərəkdir halal məhəbbət.

Hər insan övladı onun məhsulu,
Adəm babamızdan başlayıb yolu,
Qədimdən qədimdi, uludan ulu,
Hamıya gərəkdir halal məhəbbət.

Sevən aşiq düz ilqarın vurğunu,
Vəfanın, ismətin, arın vurğunu,
Təmiz eşqin, sadiq yarın vurğunu,
Hamıya gərəkdir halal məhəbbət.

                        ***

Daş-qaşa, sərvətə, vara satmazlar,
Qəlbdə yaşadarlar, amma atmazlar,
Ülvidir, alidir, haram qatmazlar,
Hamıya gərəkdir halal məhəbbət.

Sevib-sevilibdir bəşər övladı,
Ülfət doğma edir dünənki yadı,
Bütün insanların qolu, qanadı,
Hamıya gərəkdir halal məhəbbət.

Könüldən sevənlər xoşbəxt, bəxtiyar,
Hər aşiqin öz istəyi, bəxti var,
Onu anlamayan xar olacaq, xar,
Hamıya gərəkdir halal məhəbbət.

Məcnunu, Leylini yaradan odur,
Əsliyə, Kərəmə, yara dan odur,
Damarda dövr edən, axan qan odur,
Hamıya gərəkdir halal məhəbbət.

Heç kimsə etməsin xəyanət ona,
Həmişə bəsləsin xoş niyyət ona,
Daim sadiq qalıb hər millət ona,
Hamıya gərəkdir halal məhəbbət.

Hər insan övladı onun məhsulu,
Adəm babamızdan başlayıb yolu,
Qədimdən qədimdi, uludan ulu,
Hamıya gərəkdir halal məhəbbət.

Sevən aşiq düz ilqarın vurğunu,
Vəfanın, ismətin, arın vurğunu,
Təmiz eşqin, sadiq yarın vurğunu,
Hamıya gərəkdir halal məhəbbət.

                        ***

Martın səkkizindən toy gününədək,
Yüz on beş gün ötdü həyəcan dolu.
Hər dəfə həsrətdən dil açdı ürək,
Dağüstü parkaydı görüşün yolu.

Nağıl idi bu gənclərin görüşü,
Baş mövzuydu təmiz sevgi, insanlıq.
Müəmmadı kainatın gərdişi,
Ömrün yazı cavanlıqdı, cavanlıq.

Gələcəkdən söz saldılar yüz kərə,
Ata, ana olmaq qismət deyilmiş.
Zirvələrə ucaldılar yüz kərə,
Xəyal imiş, yox, həqiqət deyilmiş.

Hər ikisi bir-birinə yaraşan,
Qız ağıllı, ləyaqətli, ismətli.
Artıq-əskik danışmazdı heç zaman,
İlham cəsur, mərifətli, qeyrətli.

Fərizə gözəldi, qohumcanlıydı,
Böyüyün-kiçiyin yerini bilən.
Eşqə sadiq idi, istiqanlıydı,
Yaxşılıq olardı əlindən gələn.

Qanacağı, insanlığı, biliyi,
Möcüzəydi, möcüzəydi, möcüzə.
Evdə davranışı, şux gözəlliyi,
Möcüzəydi, möcüzəydi, möcüzə.

Qaynananı ana bilib saymağı,
Mətləbini işarədən duymağı,
Ad verəydik “gəlinlərin qaymağı”,
Möcüzəydi, möcüzəydi, möcüzə.

Qeyb olmuşdu çox ağrısı-acısı,
Daha onun yox ağrısı-acısı,
Göz bəbəyi -İlhamın üç bacısı,
Möcüzəydi, möcüzəydi, möcüzə.

İlhamına ürəkdən can deməsi,
“Yaşamaram sənsiz bir an” deməsi,
“Ayırmasın bizi dövran” deməsi,
Möcüzəydi, möcüzəydi, möcüzə.

Gülbənizi sevib əzizləməsi,
Elxana “bacınam”, “qardaş” deməsi,
Hörmət ilə dindirərdi hər kəsi,
Möcüzəydi, möcüzəydi, möcüzə.

Qaynananın qulluğunda durması,
Hər an “sənə nə lazımdır” sorması,
Uf deyəndə sinəsinə vurması,
Möcüzəydi, möcüzəydi, möcüzə.

Çoban ata çox razıydı, çox ondan,
Bağda ana unutmurdu bircə an,
Qardaşı Vaqif də sevirdi yaman,
Möcüzəydi, möcüzəydi, möcüzə.

Sədaqət də qardaşının arvadı,
Hörmətlə-izzətlə çəkdi bu adı,
Sirr sözünü heç vaxt ondan danmadı,
Möcüzəydi, möcüzəydi, möcüzə.

Böyüyün sözünü eşitməsi də,
Üzü şəhidliyə yol getməsi də,
İlhamsız özünə qəsd etməsi də,
Möcüzəydi, möcüzəydi, möcüzə.

               ***

Toya qədər neçə yol,
Görüşdülər, kim bilir.
Onlar haqq dünyasında,
Haqdan bir səda gəlir.

Hər gələndə İlhamın,
Şeiri – töhfəsi olub.
İlahi məhəbbətin,
Qüdrətindən doğulub.

Görüşlərdən on beşi,
Bu gün mənə əyandı.
Eşqin cüt fədaisi,
Göz önündə dayandı.

İlhamın əlində gül,
Qəlbində şeiri gəlib.
Nəğmələri dastana,
Salmağın yeri gəlib.

Onlar Dağüstü parkdan,
Bakını seyr edirlər.
Qulaq asır Fərizə,
Dillənir sabahkı Ər:

Gəl, “Fərizə” adında,
Bu şeirimi dinlə bir.
Onu İlham söyləsin,
Eşidək səninlə bir.

Elə təkcə o qalıb,
Adıma qoşma nədir?
Xəbər tutan deyər ki,
Dəlidir, divanədir.

Sən dünyaya gələn zaman,
Fərəhləndi atan, anan,
Hamı dedi bir ağızdan:
Kədərlənmə, gül, Fərizə.

Şirin arzudan doğuldun,
Gözəl oldun, göyçək oldun,
İllər keçdi yaşa doldun,
Qəlbdən sev, sevil, Fərizə.

Timsalısan ülviyyətin,
Təmiz eşqin, məhəbbətin,
Hasil oldu saf niyyətin,
Qədrini sən bil, Fərizə.

Boy atdıqca gül tək açdın,
Təzə-tərsən ətir saçdın,
Xəyanətdən uzaq qaçdın,
Nə sın, nə əyil, Fərizə.

Sən ki, nəğmə vurğunusan,
Qiblə Səməd Vurğunu san,
Öz eşqinin oduna yan,
Dil açsın könül, Fərizə.

Oyat, səslə duyğuları,
Yaşat, bəslə duyğuları,
Axır tapdın sadiq yarı –
Dərdi qəlbdən sil, Fərizə.

Vacib deyil varın olsun,
Etibarlı yarın olsun,
Müstəqil diyarın olsun,
Yazda açar gül, Fərizə.

 

 

İKİNCİ GÖRÜŞ

Səmimi salamlaşıb,
Əl verdilər ürəkdən.
Söz saldılar yenə də,
Çox arzudan, diləkdən.

Ay Fərizə, doğrusu,
Bilmirəm bu nə işdi.
Şeir yazmaq, söz qoşmaq,
Hardan ağlıma düşdü?

Keçən dəfə dediyim,
Şeiri unutmuşam mən.
Nədəndirsə misralar,
Silinib xatirəmdən.

Yəqin bəyənəcəksən,
Bu günkü şeirimi də.
Mənim nəğmələrimə,
Pis deməzsən heç vədə.

Sənin dilindən qopan,
Hər söz mənə əzizdi.
Kəlmən də qəlbin kimi,
Hikmətlidi, təmizdi.

Görüşmürük gör haçandan?
Darıxmışam sənsiz yaman,
Gəl önümdə gülər dayan,
Gözlərinə möhtacam mən
Sözlərinə möhtacam mən.

Yenə dindir, al könlümü,
Kaman kimi çal könlümü,
Sal odlara, sal, könlümü,
Əllərinə möhtacam mən
Tellərinə möhtacam mən.

Sənsiz bağa qonmaz bülbül,
Susar vallah, dinməz bülbül,
Qızılgülü anmaz bülbül,
Gülüşünə möhtacam mən
Gəlişinə möhtacam mən.

Gətirirsən fərəhi sən,
Ürəyimin fərəhisən,
Bu ilqara, eşqə əhsən,
Kəlamına möhtacam mən
Salamına möhtacam mən.

Bu nə sevda, nə hikmətdi?
Qəlbimdə saf məhəbbətdi,
Səni sevmək səadətdi,
Bu ilqara möhtacam mən
Etibara möhtacam mən.

Sən ki, vuran ürəyimsən,
Qol-qanadım, diləyimsən,
Qismətim sən, gərəyim sən,
Saf sevginə möhtacam mən
Sənə, sənə möhtacam mən.

 

 

ÜÇÜNCÜ GÖRÜŞ

Gülə-gülə yenə də,
Tez hal-əhval tutdular.
Dərdi-səri, qayğını,
Ordaca unutdular.

Fərizəm, axı günlər,
Niyə belə ləng gedir?
Həsrətin üzür məni,
Xəyalım səninlədir.

Ay İlham, başla görək,
Xəyalın nə söyləyir?
Məhəbbət dastanından,
Daha yeni bir şeir?

Kimin kimdən xəbəri var?
Həsrətinə dözəmmirəm.
Ürəyimin kədəri var,
Həsrətinə dözəmmirəm.

Vallah yaman kövrəlmişəm,
Mənə inan, kövrəlmişəm,
Halıma yan, kövrəlmişəm,
Həsrətinə dözəmmirəm.

Qoy dostlarım qonaq gəlsin,
Hər kəs qəlbdən desin, gülsün,
Bəyan edim hamı bilsin,
Həsrətinə dözəmmirəm.

Ürək-dirək nəyə lazım,
Sənsizlikdən gərək yazım,
Ötsün qışım, gəlsin yazım,
Həsrətinə dözəmmirəm.

Hər sınağa qatlaşaram,
Sıldırımlı dağ aşaram,
Vüsal nəğməsi qoşaram,
Həsrətinə dözəmmirəm.

Yaxalayıb hicran məni,
Tərk etməyib bir an məni,
Ha sınayır dövran məni,
Həsrətinə dözəmmirəm.

Yox, yox, İlham sınan deyil,
Hər atəşdən yanan deyil,
Bunu səndən danan deyil,
Həsrətinə dözəmmirəm.

 

 

DÖRDÜNCÜ GÖRÜŞ

İlin gözəl ayıydı,
İlin gözəl günüydü,
Aşiqlərin qəlbində
Nə haray, nə ünüydü.

Görüşüb sıxdı onlar,
Bir-birinin əlini.
İlham diqqətlə süzdü,
Şux ellər gözəlini.

Fərizə, ürəyimə,
Heç bilirsən nə gəlib?
Sözlərimin çələngi,
Bu nəğmə sənə gəlib.

Ümid ilə gözləyirəm,
Baxıb gülə gözləyirəm,
Dönüb külə gözləyirəm,
Barı gəl çıx, ay mələyim.

Qalxır ərşə ahım mənim,
De, nədir günahım mənim,
Ümidim, pənahım mənim,
Barı gəl çıx, ay mələyim.

Eşqə sadiq yarım sənsən,
Yarım özüm, yarım sənsən,
Vüqarım sən, varım sənsən,
Barı gəl çıx, ay mələyim.

Unutma ki, yar gözləyir,
Sənə sözü var, gözləyir,
Qalıb intizar, gözləyir,
Barı gəl çıx, ay mələyim.

Həsrətin qul etdi məni,
Yandırıb kül etdi məni,
Öldürüb-diritldi məni,
Barı gəl çıx, ay mələyim.

 

 

BEŞİNCİ GÖRÜŞ

Məhəbbət fidanları,
Düşünürdü gör nələr.
Bilmirdilər onları,
Öndə gözləyir nələr?

Göydən enib gəlmişdi,
Bu imam övladları.
Sabah dəvətnaməyə,
Yazılacaq adları.

Gənclər hardan biləydi,
Nə gözləyir onları.
Yaşatmaq mümkün deyil,
Şəhid doğulanları.

Bu görüş də maraqlı,
Yaddaşda qalan oldu.
Oğlan şeirini dedi,
Qızın kefi duruldu:

Qəlbim sevinclə dolub,
Axı, sən gələcəksən.
Gözüm yollarda qalıb,
Axı, sən gələcəksən.

Sözüm dilimdə nəğmə,
Güllər əlimdə nəğmə,
Ayım, ilim də nəğmə,
Axı, sən gələcəksən.

Aşıb-daşır sevincim,
Sən mələyim, sən incim,
Doldurub şərbət içim,
Axı, sən gələcəksən.

Yolunu gözləmişəm,
İndi gələr, demişəm,
Gözləmək olub peşəm,
Axı, sən gələcəksən.

Söylə nə qədər anım,
Həsrətimdir hər anım,
Daha vardır gümanım,
Axı, sən gələcəksən.

 

 

ALTINCI GÖRÜŞ

Ən uca bir nöqtədə,
Dayanıblar üz-üzə.
Dastan qəhrəmanları,
İlham ilə Fərizə.

Toy günü yaxınlaşır,
Ürəkləri döyünür.
Dinlə, sevgilim, deyə,
Yenə də İlham dinir.

Nədənsə Fərizənin,
Yanaqları allanır.
Ay Allah, nə düşünür,
Görən indi nə anır?

Qəlbim çırpınır hər an,
Yubanma, gəl, sevgilim.
Mənimləsən hər zaman,
Yubanma, gəl, sevgilim.

Özünü tez yetir sən,
Mənə sevinc gətir sən,
Dərdi, qəmi itir sən,
Yubanma, gəl, sevgilim.

Şöhrətimsən, adımsan,
Uçmağa qanadımsan,
Arzumsan, muradımsan,
Yubanma, gəl, sevgilim.

Sən sevindir yarını,
Yenə dindir yarını,
Göydən endir yarını,
Yubanma, gəl, sevgilim.

 

 

YEDDİNCİ GÖRÜŞ

İlham bir az gözlədi,
Bu gün görüş yerində.
Adiləşdi bir anda,
Kainat gözlərində.

Xəyallara dalaraq,
Oğlan yaman darıxdı.
İnsanları seyr edib,
Tez-tez yollara baxdı.

Fərizə görsənəndə,
Aləm güldü gözündə.
Aşiqlər çox dəqiqdi,
Öz əhdində, sözündə.

Sənsiz burda darıxdım,
Qəlbim nəğməylə doldu.
İntizardan, ay gülüm,
Yenə şeirim doğuldu.

Səndən ayrı düşmək çətin,
Aman, darıxdım-darıxdım.
Qəlbimdədir məhəbbətin,
Yaman darıxdım-darıxdım.

Üzüm gülməz sənsiz axı,
Zirvə olmur çənsiz axı,
Niyə bürüsün bu dağı,
Duman, darıxdım-darıxdım.

Sənsiz susur, gülmür ürək,
Dinclik nədir, bilmir ürək,
Alovlandım pərvanətək,
Canan, darıxdım-darıxdım.

Gülür bahar gəlişinə,
Güllər açar gəlişinə,
Deyəsən var gəlişinə,
Güman, darıxdım-darıxdım.

Aydınlıqdır su dünyada,
Məhəbbətdən yandım oda,
Ay eşqimi bu dünyada,
Duyan, darıxdım-darıxdım.

 

 

SƏKKİZİNCİ GÖRÜŞ

Görüş yerinə bu gün,
Vaxtında gəldi onlar.
Sonda hiss etdilər ki,
Yaman tez ötdü anlar.

“Təbabətin sirrini,
Öyrənirsən, Fərizə.
Əlaçı oxuyursan,
Birdən gələrsən gözə?”

İlham zarafat etdi,
Yarıyla deyib-güldü.
Fərizəni həyatda,
Başının tacı bildi.

Deməyin ki, yaddır mənə,
Sevgi qol-qanaddır mənə,
Qoy söyləyim dönə-dönə,
Eşqimin şöhrət tacısan.

Baharım da, yayım da sən,
Hədiyyəm də, payım da sən,
Can sirdaşım, tayım da sən,
Eşqimin şöhrət tacısan.

Sevəmmədim hər yetəni,
Bəyənmişəm axı səni,
Unutmaram gül çöhrəni,
Eşqimin şöhrət tacısan.

Belə gözəl qız harda var?
Üzün kimi üz harda var?
Gözün kimi göz harda var?
Eşqimin şöhrət tacısan.

Camalından ilham aldım,
Söz üstündə fikrə daldım,
Öz vədimə sadiq qaldım,
Eşqimin şöhrət tacısan.

 

 

DOQQUZUNCU GÖRÜŞ

Fərizənin əlini,
Saxlayaraq əlində.
Sözə başladı İlham,
Şad xəbərlər dilində.

Hər iki evdə indi,
Söhbət toylardan gedir.
Toyun günü, saraylar,
Hamının dilindədir.

Sənli, mənli bu dünya,
Kaş əbədi olaydı.
Adəm oğlu kəşfiylə,
Aləmə səs salaydı.

Axı, niyə görəsən,
Əbədi deyilik biz?
Özümüz köç edirik,
Qalır əməllərimiz.

Öz yolunda, öz işində,
Sənli dünya, mənli dünya.
Öz hökmündə, gərdişində,
Sənli dünya, mənli dünya.

Onu nalə, ah oyatmır,
Haraylasan haya çatmır,
Söz deyirsən sözə yatmır,
Sənli dünya, mənli dünya.

Neçəsinə layla çalıb,
Neçəsini yola salıb,
Neçəsindən qisas alıb,
Sənli dünya, mənli dünya.

Beşik olub, beşik bizə,
Müqəddəs ev-eşik bizə,
Daim çəkir keşik bizə,
Sənli dünya, mənli dünya.

Könlümüzü alasıdır,
Bizlə yaşa dolasıdır,
Bir gün bizsiz qalasıdır,
Sənli dünya, mənli dünya.

 

 

ONUNCU GÖRÜŞ

Seçdikləri o yerdə,
Şirin söhbət edirlər.
Hələ kefləri sazdı,
Hələ üzləri gülər.

Bilirsən ki, bitirdim,
Bu il texnikumu mən.
Ali təhsil alım qoy,
Ayrılmadan işimdən.

Ali savadlı həkim,
Olmalısan özün də.
Bu sənətə tələbat,
Çoxdur bu yer üzündə.

Bu gün də pozmamışam,
Fərizə, ənənəni.
Həsrətindən, söz açıb,
Tərif etmişəm səni:

Gör necə dadlıdı, necə şirindi,
Sənin intizarın, sənin həsrətin.
Qəlbimdə dil açır, çağlayır indi,
Sənin intizarın, sənin həsrətin.

Mənimlə xəyala dalır gecələr,
Yuxumu əlimdən alır gecələr,
Könül rübabımı çalır gecələr,
Sənin intizarın, sənin həsrətin.

Gah sevinc bəxş edir, gah da ki, hicran,
Dünyada sevgisiz yaşarmı insan,
Kədərli anımda tutur qolumdan,
Sənin intizarın, sənin həsrətin.

Əbədi sirdaşım, mehmanım olub,
Ümidim, inamım, gümanım olub,
Sehrli söz dünyam, cahanım olub,
Sənin intizarın, sənin həsrətin.

Dövr edər, alova dönər qanımda,
Sənsiz damarımda donar qanım da,
Özüm dinməsəm də dinər qanımda,
Sənin intizarın, sənin həsrətin.

 

 

ON BİRİNCİ GÖRÜŞ

Xəzəri, Bakını seyrə daldılar,
Varmı paytaxtıma bərabər şəhər?
Gəmilərə bir də nəzər saldılar,
Saçlarını darayırdı küləklər.

Fərizə, daşnaklar üz alıb yaman,
Qarabağım hər an təhlükədədi.
Terrorçu quldurlar çoxalıb yaman,
Qaçqının, köçkünün təqsiri nədi?

Azərbaycan üzük – qaşısa Şuşa,
Hər an təhlükə var Ağdamda vallah.
Qarabağ savaşı qoy yetsin başa,
Biz qalib gələrik, qoruyar Allah.

Millətçi quldurlar yolunu azıb,
Gərək baş tutaydı qeyrət yürüşü.
Qatillər hər şeyi tərsinə yozub,
Əbəs dayandırdı millət yürüşü.

Qaçardılar ermənilər oradan,
Saqqallılar, silahlılar az idi.
Ölərdilər, çıxardılar aradan,
Hücumun qarşısı alınmaz idi.

Üzeyirin, Natəvanın vətəni,
Nəvvabın, Bülbülün ruhları incik.
Vaqif ilə Pənah xanın vətəni,
Nəğməkar Seyidi, Cabbarı incik.

Ağdamım şəhidlər verdi ilk dəfə,
Susdurdular Bəxtiyarı, Əlini.
Yağının gülləsi dəydi hədəfə,
Bu torpaqdan yadlar çəksin əlini.

Axı gərək Ağdamı mən qoruyam,
Toydan sonra icazə ver gedim mən.
Deməsinlər sən qorxaqsan, ay İlham,
Öz vədimə hökmən əməl edim mən.

Əsgər libasını geyərəm mən də,
Fərizə İlhamdan ayrılmaz bir an.
Niyə at oynatsın yağı Vətəndə,
Hər ikimiz bir çıxarıq sınaqdan.

Əbəs yerə sevməmişəm səni mən,
Həm Tomrissən, həm Nigarsan dünyada.
Necə xoşlayıram bu Vətəni mən?
Kaş az olsun qucağında qan, qada.

Ay İlham, ürəyin doludur bu gün,
Silsilə nəğmələr çıxmasın yaddan.
Unut qayğıları, qoy gülsün üzün,
Şeiri deyib, çıxmalısan borcundan.

Elə ona görə də,
İftixarım sayıram.
Sədaqətli, qüdrətli
Gözəl yarım sayıram.

Nə yaxşı ki, bu dünyada,
Gülüm, varsan mənim üçün.
Qönçələnib ömrüm-günüm,
İlk baharsan mənim üçün.

Azad, xoşbəxt yaşa, gülüm,
Addımlayaq qoşa, gülüm,
Vuraq ömrü başa, gülüm,
Vəfadarsan mənim üçün.

Həyatımın bəzəyi sən,
Qönçəsi sən, çiçəyi sən,
Qızların ən göyçəyi sən,
İftixarsan mənim üçün.

Ürəyimə dayaq eşqin,
Yollarımda mayak eşqin,
Başı qarlı bir dağ eşqin,
Sadiq yarsan mənim üçün.

Unutmayaq əhdimizi,
Ülvi sayaq əhdimizi,
Ayırmasın dövran bizi,
Havadarsan, mənim üçün.

 

 

ON İKİNCİ GÖRÜŞ

İlham bu gün görüşə,
Fərizədən tez gəldi.
Ay Allah, gör bu qızın,
Yerişi nə gözəldi.

Ünvanladı sözünü,
Yarının gəlişinə.
Diqqətlə gəraylıya,
Qız qulaq asdı yenə.

Gecikdiyin daha bəsdi,
Qulağımda bu nə səsdi?
Yoxsa əğyar yolu kəsdi?
Gəl, sənin qurbanın olum.

Ruhum mənim, canım mənim,
Adım mənim, sanım mənim,
Eşqimi duyanım mənim,
Gəl, sənin qurbanın olum.

Xatırladım dönə-dönə,
Görüşə tezcə gəlsənə,
Gözüm yolundadır yenə,
Gəl, sənin qurbanın olum.

Əbədi arzum, diləyim,
Ətirli yazım, çiçəyim,
Ay mələyim, ay göyçəyim,
Gəl, sənin qurbanın olum.

Yaddan çıxmır sənli anlar,
Bunu aşiq, sevən anlar,
Tanrı olsun qoy bizə yar,
Gəl, sənin qurbanın olum.

 

 

ON ÜÇÜNCÜ GÖRÜŞ

Nədəndirsə ilk dinən,
Fərizə oldu bu gün.
Elə bil ki, sevincdən,
Gözləri doldu bu gün.

İlham, sənin şeirini,
Dinləyib dönə-dönə.
Vallah heyran olmuşam,
Sözün gözəlliyinə.

Kaş bunları kağıza,
Köçürəydim, əzizim.
Hər birində yaşayır,
Görüş anımız bizim.

Yenisini yazanda,
Əvvəlki yaddan çıxır.
Sənə nəğmə qoşmağa,
Ürəyim çox darıxır.

Aşiq oldum, saldım oda,
Yetiş barı, yetiş dada,
Gülüm, sənin bu dünyada,
Nazını mən çəkəm gərək.

Doğulmusan gözəl-göyçək,
Sən göylərdən enmiş mələk,
Ay ətirli, zərif çiçək,
Nazını mən çəkəm gərək.

Aşiq oldun, güldü üzün,
Elə bil ki, güldü üzün,
Könül açandı hər sözün,
Nazını mən çəkəm gərək.

Bir kimsəyə bənzərin yox,
Yarandın gözü, könlü tox,
Qaşın kaman, kirpiyin ox,
Nazını mən çəkəm gərək.

Gözəlisən gözəllərin,
Baxışında məna dərin,
Əlimə dəysin əllərin,
Nazını mən çəkəm gərək.

İlham oldu söz vurğunu,
Gül çöhrə, gül üz vurğunu,
Qaynar, gülər göz vurğunu,
Nazını mən çəkəm gərək.

 

 

ON DÖRDÜNCÜ GÖRÜŞ

Unudulmaz olurdu,
Görüşlərin hər biri.
Artıq dəqiqləşirdi,
Toyların da günləri.

Cütlər söhbət edərkən,
Nələr danışmırdılar.
Deyirdilər qarşıda,
Çox fərəhli günlər var.

İlhamın ürəyində,
Hazırdır yeni şeiri.
Oğlan qələmə alıb,
Qəlbindən keçənləri.

Bizim ulu dünyamızda,
Qarlı qışda, güllü yazda.
“Kərəmi”ni telli sazda,
İlhamla çalan İlhamam.

Məndən küsüb inciyəndə,
Sözüm qəlbinə dəyəndə,
Hicran qapını döyəndə,
Qeydinə qalan İlhamam.

Ruhum, qolum-qanadımsan,
Ayırmasın bizi dövran,
Həsrətindən, gülüm, hər an,
Xəyala dalan İlhamam.

Söz salaram ülfətindən,
Kamalından, ismətindən,
Doyammıram axı səndən,
Saralıb-solan İlhamam.

Şeyda bülbül yazı gözlər,
Aşiq gülər üzü gözlər,
Öndə xoş gün bizi gözlər,
Toydan söz salan İlhamam.

 

 

ON BEŞİNCİ GÖRÜŞ

Sonuncu görüşüdü,
Toydan qabaq onların.
Eşqə sadiq cütlərdi,
Üzləri ağ onların.

İlham sonuncu şeiri,
Oxuyacaqdır bu gün.
Həsrət ilə yazılıb,
Yarı Fərizə üçün.

Nə qədər də cəhd eləsəm,
Həsrətinə dözmək olmur.
Qılınc çəkir üstümə qəm,
Həsrətinə dözmək olmur.

Qürrələnib öyünmürəm,
Tezcə dinib öyünmürəm,
Köhlən minib öyünmürəm,
Həsrətinə dözmək olmur.

Sənsiz dünya dardı mənə,
Gileylənmək ardı mənə,
Yəqin sözün vardı mənə,
Həsrətinə dözmək olmur.

Qərar tutmaq vallah çətin,
Qol-qanaddır məhəbbətin,
Timsalısan ülviyyətin,
Həsrətinə dözmək olmur.

Vurğun İlham bəs neyləsin?
Yox özgə bir kəs, neyləsin?
Haqdan gəlir səs neyləsin?
Həsrətinə dözmək olmur.

                   ***

Ailə qurdular 30 İyunda,
Ömrü qısa oldu – 203 gün.
Xoşbəxtlik diləyən çox oldu onda,
Eşqin şamı qəfil söndü nə üçün?

Ömrü qısa oldu bu izdivacın,
Xoş günləri öndə idi gənclərin.
Gülü tezcə soldu bu izdivacın,
Dərdi çəkilməzdi, yarası dərin.

Öndəydi, öndəydi 20 Yanvar,
Əcəl qılıncını çəkib durmuşdu.
Neçə qəddi əydi 20 Yanvar,
Qan tökən əsgərlər çox qudurmuşdu.

Tariximin qara bir səhifəsi,
“Qara Yanvar” adlanacaq -məlumdu.
Körpələri oyadacaq tank səsi,
Göydən yerə qan damacaq məlumdu.

Faciələr baş verməzdi,
“Qara Yanvar” olmasaydı.
Dərd yurdumu bürüməzdi,
“Qara Yanvar” olmasaydı.

Xalqa tutulmazdı divan,
Yaralardan axmazdı qan,
Susmazdı günahsız insan,
“Qara Yanvar” olmasaydı.

Zəhər içməzdi Fərizə,
Candan keçməzdi Fərizə,
Nakam köçməzdi Fərizə,
“Qara Yanvar” olmasaydı.

Öyünərdi İlham ata,
Vurulardı bu həyata,
Bağlanardı kainata,
“Qara Yanvar” olmasaydı.

Ülvi, yeni söz anardı,
Şeiri müqəddəs sanardı,
Nə bu dastan yaranardı,
“Qara Yanvar” olmasaydı.

Qərənfillər ağlamazdı,
Ürəkləri dağlamazdı,
Ana qara bağlamazdı,
“Qara Yanvar” olmasaydı.

Balalar qalmazdı yetim,
Olmaz idi ölüm-itim,
Yasa batmazdı millətim,
“Qara Yanvar” olmasaydı.

                ***

Qırğından yazmalısan,
Ağla, qələmim, ağla!
Qəlbimlə bir alış, yan,
Ağla, qələmim, ağla!

Sinələrdən qan axıb,
O qan nahaqdan axıb,
Xalqı yandırıb, yaxıb,
Ağla, qələmim, ağla!

Tələ qurdular elə,
Qırğın olmayıb belə,
Göz yaşı dönüb selə,
Ağla, qələmim, ağla!

Bu sözləri qara yaz,
Doxsandaymış qara yaz,
Bağ-baxçamız qar, ayaz,
Ağla, qələmim, ağla!

Qan rənglidir qızıl dan,
Biz haqnanıq, biz haqnan,
Yerdə qalmaz nahaq qan,
Ağla, qələmim, ağla!

Hava duman, çən idi,
Tor quran düşmən idi,
Dostlar bizdən gen idi,
Ağla, qələmim, ağla!

İnlə elə qoşulub,
Dərd çək ilə qoşulub,
Qərənfilə qoşulub,
Ağla, qələmim, ağla!

Mürəkkəbin göz yaşım,
Köz olubdur göz yaşım,
Sən ol sadiq sirdaşım,
Ağla, qələmim, ağla!

Şəhidlər Xiyabanı,
Qucdu neçə insanı,
Hanı arxamız, hanı?
Ağla, qələmim, ağla!

              ***

Yanvarın on doqquzu,
Doxsanıncı il idi.
Ağır tanklar, maşınlar,
O gün Bakıya girdi.

Yanvarın on doqquzu –
O şənbə gecəsində.
Ölüm sədası vardı,
Tankın, topun səsində.

Yanvarın on doqquzu,
On ikiyə az qalmış.
Şənbə yarası aldı,
Yurda hakim olan qış.

Dəqiqələr qalırdı,
İyirmisi yanvara.
İşıq saçdı güllələr,
Yer titrədi bu ara.

Bəd niyyətlə gəlmişdi,
Silahlanmış əsgərlər.
Günahsız insanları,
Qırmağa gəlmişdilər.

Məktəbli Larisanı,
Vurmağa gəlmişdilər.
Körpələrin bağrını,
Yarmağa gəlmişdilər.

Qanımızı zəlitək,
Sormağa gəlmişdilər.
Tankla qovub İlqarı,
Yormağa gəlmişdilər.

Düşmən sayıb qəsdimə,
Durmağa gəlmişdilər.
Sarılaraq silaha –
Vurmağa -gəlmişdilər.

İnsanlar evlərində,
Şirin yuxudaydılar.
Günahımız nəydi ki,
Cani, qatil saydılar.

Adı “sülhsevər əsgər”,
Özləri qaniçəndi.
Atəş açıb küçədə,
İnsanları biçəndi.

On ikiyə az qalmış,
Dünya qopdu yerindən.
Elə bil ki, çıxmışdı,
Kainat məhvərindən.

Göylərdə şəfəq saçan,
Güllələrə baxmışam.
Tank əzibdir insanı,
Gör nələrə baxmışam.

O gün yüz otuz iki,
Soydaşım həlak oldu.
İtkin düşən, yaralı –
Sayanlar da yoruldu.

Şəhidlər arasında,
İlham, Fərizə də var.
Sədaqət dastanımın,
Qəhrəmanıdır onlar.

             ***

Çətindir yada salmaq,
O müdhiş mənzərəni.
Yerindəcə dondurdu,
Seyr edəni, görəni.

Elxan da həmin gecə,
Gəlmişdi İlhamgilə.
Fərizə süfrə açdı,
Yedilər deyib-gülə.

Sonra təzə gəlini,
Çağırdı baldızları.
Çox sevirdi Fərizə,
Üç məlakə qızları.

Elxan, İlham, yeznəsi,
Evdən birgə çıxdılar.
Gördülər ki, səs gəlir,
Dörd ətrafa baxdılar.

“Şəhər yaman qaynaşır,
Heç kəs yatmayıb nədən?
Tiflis prospektinə,
Gedib gələcəyəm mən”.

Bunu deyərək İlham,
Qoşuldu insanlara.
Elxan da iş dalınca,
Çıxıb getdi dübara.

Fərizənin xəbəri,
Olmur getmələrindən.
Qardaşlar çıxan zaman,
Heç nə deməyib nədən?

Prospektə çıxanda,
İlham gör nələr gördü?
Tankçı hey atəş açır,
Hara gəldi sürürdü.

Vəhşiliyə, qırğına,
Cəsur oğlan dözmədi.
“Neyləyirsiz, dayanın,
Silahsızıq biz”, dedi.

“Hamı əli yalındı,
Vurmayın siz onları.
Niyə tankın altında,
Əzirsiniz onları?”

Bu sözləri İlhamım,
Rus dilində söyləyir.
Qaniçən cəlladlara,
Öz elində söyləyir.

Qəddarlar bu sözlərə,
Qəti cavab verdilər.
Güllələyib mərd gənci,
Orda yerə sərdilər.

Silahsız bu oğlanın,
Günahı nəydi, Allah?
Namərd gülləsi niyə,
İlhama dəydi, Allah?

Hey uladı güllələr,
Beşdi, ondu ölənlər.
Tapıldı gənc İlhamın,
Harayına gələnlər.

Yaralı igid dindi:
“Anama bildirməyin.
Bəd xəbəri söyləyib,
Onu da öldürməyin”.

Fəqət ölüm anında,
“Əziz anam, gəl”, dedi.
Yəqin ki, ürəyində,
Fərizəni səslədi.

Elə bu an Fərizə,
Qapıda donmuş idi.
İlhamı gözləməkdən,
Heykələ dönmüş idi.

Qışın soyuğu onu,
Qılınc kimi kəssə də.
Ərini gözləyərək,
Eşdə tir-tir əssə də.

Dərdə-qəmə qərq olub
Səhərəcən gözlədi.
Həyəcandan gözünə,
Çökmüşdü çən, gözlədi.

İlham xəstəxanaya,
Çatanacan keçindi.
Elxan, onu meyitlər,
İçindən gəl, seç indi?

Elxan sanki dəlidi,
Axtarır qardaşını.
Bilmir kimdən soruşsun,
İtiribdir başını.

            ***

Mirqasımov adına
Xəstəxana yasdadı.
Düşdü qara kitaba
Neçə şəhidin adı.

Elxan da qardaşını,
Orada tapa bildi.
Vallah onu bulunca,
Yüz yol öldü-dirildi.

***

İlhamın tabutu evə gələndə,
Yer titrədi ana-bacı ahından.
Bəd xəbəri eşidəndə, biləndə,
Zülmət oldu ana gözündə cahan.

Ofeliya ananın hıçqırıq səsi,
Gedib çatdı göyün yeddi qatına.
Niyə dəydi ona namərd gülləsi?
Necə dözsün belə dərdə bəs ana?

Üç bacının İlham adlı qardaşı,
Susduruldu şəhid oldu de, nədən?
Bacılar ağlatdı torpağı, daşı,
Naləyə mələklər gəldi göylərdən.

Baxmaq çətin Fərizənin üzünə,
Leyli, Əsli, Cülyetta da yalandı.
Bu kədər qonubdur yaşlı gözünə,
Bu məhəbbət yaddaşlarda qalandı.

Gəlin öz sözünü deyibdir qəti,
İlhamsız bu dünya nəyinə gərək.
Unuda bilərmi andı-ülfəti,
Ona qovuşacaq, gecikməyərək.

İnanmaq lazımdır onun sözünə,
Nəzarətsiz qoymaq olmaz bir an da.
Dərhal qıyar, qəsd eliyər özünə,
İlhamsız dünyada qalmaz bir an da.

Gəzdi arxasınca anası Bağda,
Qardaşı arvadı izlədi onu.
Tənha qoymadılar evdə, otaqda,
Həssas baldızları gözlədi onu.

Gözü balta gəzdi, bıçaq axtardı,
Neçə adam arxasınca dolandı.
Sözündən dönməzdi, bıçaq axtardı,
Evdə benzin, evdə o, zəhər andı.

Yığıb gizlətmişdi çox şeyi Elxan,
Gizlətmişdi əldə olan dərmanı.
İntihar istəyər bu cəsur insan,
Tapa bilər yadda qalan dərmanı.

Onu gözdən qoymayın siz, amandı,
Yalan bilmir, böhtan bilmir Fərizə.
Hər dəqiqə göz qoyun, göz, amandı,
Dərd üstünə bir dərd gətirər bizə.

Xırdalanda dəfn etdilər İlhamı,
Fərizə inana bilmədi buna.
Gəlib baş sağlığı söylədi hamı,
Qara bağlamışdı Ofeliya ana.

Özünü yandırmaq istəyib gəlin,
Neftə batırıbmış saçlarını o.
Ana haray salıb, tez bura gəlin,
Tapmaq istəyirmiş öz yarını o.

Bu addımın qarşısını alıblar,
Amma demə qərarı çox qətiymiş.
Belə bir istəyin nə mənası var,
Ona ilham verən cəsarətiymiş.

Şəhidlər haqqında göstəriş oldu,
Qazıldı məzarlar Dağüstü parkda.
Kövrəldi, Elxanın gözləri doldu,
İlhamın qəbri var Dağüstü parkda.

Tabut gətirilsin qoy Xırdalandan,
Uyusun “Şəhidlər Xiyabanı”nda.
Fərizə qərarı eşidir bu an,
“Mənə də yer olar onun yanında”.

“Nəşi, cənazəsi ordan gəlincə,
Mən öz həyatıma son qoymalıyam.
Bu addımı atmalıyam bu gecə,
İlhamın yanında uyumalıyam”.

Ölçdü-biçdi xəyalında hər şeyi,
Gizli yolla uksus əldə eylədi.
Bilirdi ki, olacaqdır gərəyi,
“Əzrayıl”ı bir guşədə gizlədi.

İlham Xırdalandan gətirilən gün,
Fərizə dünyada olmayacaqdır.
Məzar qazılacaq iki gənc üçün,
Üstündə qərənfil solmayacaqdır.

İlhamın nənəsi dörd göz olmuşdu,
Anası Bağda da güdürdü onu.
Qarının yerinə közmü dolmuşdu,
“Faciə olmasın kaş bunun sonu”.

Gözünü bir an da yummadı gəlin,
Nəsə fikirləşib durdu yerindən.
Dərdi sonsuz idi ülvi gözəlin,
Nənə sordu: “Qızım, yatmırsan nədən?”

Qarı fikirləşdi: “Nə ola bilər,
Qoy çıxsın bayıra dərdi azalsın.
Bu anda nə tapa, nə bula bilər?
Bir az da dərdiylə baş-başa qalsın”.

Qətiyyətə, qeyrətə bax, ay Allah,
Uksusu bir anda çəkdi başına.
Yeni dastan doğulacaq, ay Allah,
Belə bir qız böyüdəmməz hər ana.

Tez tapdı qoyduğu qələm-kağızı,
Vida sözlərini yazdı Fərizə.
Yandırardı o anda qəm, kağızı,
Qələm də od olub dönərdi közə.

“Heç biriniz ağlamayın, ay ana,
İlhamsız dünyada yaşayım necə?
Tək qoymayım, həyan olum mən ona”,
Fikirləşib qərar verdi beləcə.

Daha özgə heç nə yaza bilmədi,
Zəhər öz işini görmüşdü artıq.
Ruhu sevgilisi İlhamla idi,
Sədaqət borcunu vermişdi artıq.

Faciədən yerlər, göylər ağladı,
Qatıq, dava-dərman kara gəlmədi.
Bu kainat, anamız yer ağladı,
Dərdli Bağda ana gör nələr dedi:

“Əzizim, yazım hanı,
Qış ötdü, yazım hanı?
Fərizəmi səslərəm,
Ay illər, qızım hanı?

Əzizinəm, anası,
Könlüm onu anası.
Nə şadlanar, nə gülər,
Fərizənin anası.

Əzizinəm qırmızı,
Qərənfil al-qırmızı.
Qəbrin Xiyabandadı,
Fərizə Çoban qızı”.

Bağda ana ağladı,
Yana-yana ağladı.
Bayatısı, ağısı,
Neçə qəlbi dağladı.

Dərdli Ofeliya ana,
Ağı dedi oğluna.
Fərizənin yası da,
Çəkilməz dərddi ona:

“Əzizinəm, anası,
Ana oda yanası,
Gəlinimlə oğlumun,
Anasıyam, anası.

Çiçəkli yazım köçdü,
Laləm, nərgizim köçdü,
Çəkiləsi dərd deyil,
Oğlumla qızım köçdü.

Necə qansızdı yağı,
Tanrım, sönsün çırağı,
Gəzdirəcəm illərlə
Sinəmdə qoşa dağı”.

              ***

Kim nə deyir qoy desin,
Onu İlham gözləyirdi.
Qoy sözümü el dinləsin,
Onu İlham gözləyirdi.

Zəfər çaldı pak məhəbbət,
Mayası düzlük, ülviyyət,
Vardı təmiz ad, sədaqət,
Onu İlham gözləyirdi.

Daim ilham alsın deyə,
Qəlb sirdaşı olsun deyə,
Eşqə sadiq qalsın deyə,
Onu İlham gözləyirdi.

Məhəbbəti qorumağa,
Saf niyyəti qorumağa,
Nəcabəti qorumağa,
Onu İlham gözləyirdi.

Bir milləti ucaltmağa,
Məmləkəti ucaltmağa,
Qətiyyəti ucaltmağa,
Onu İlham gözləyirdi.

Sevgidə örnək olmağa,
Həmsöhbət gərək olmağa,
Xoş arzu, dilək olmağa,
Onu İlham gözləyirdi.

Göydən gəlmiş mələk idi,
Köksündəki ürək idi,
Ən ətirli çiçək idi,
Onu İlham gözləyirdi.

Axı yaşaya bilməzdi,
Heç vaxt danışıb, gülməzdi,
Daha sevib-sevilməzdi,
Onu İlham gözləyirdi.

Bu addımı atmalıydı,
İstəyinə çatmalıydı,
O, bu yolu tutmalıydı,
Onu İlham gözləyirdi.

Heç birisi tək qalmazdı,
Bu dünyaya səs salmazdı,
Cənnətməkan, ömrü yazdı,
Onu İlham gözləyirdi.

Belə bir məhəbbət hanı?
“Fərizə-İlham dastanı”,
Dolaşacaq bu cahanı,
Onu İlham gözləyirdi.
“Fərizə, tez gəl”, deyirdi.

Qazılmışdı qəbirləri yanaşı,
Torpaq altda qoyuldular üz-üzə.
Heç birini qaytarammaz göz yaşı,
Mələklərə bacı oldu Fərizə.

Torpağı sevən kəslər,
Qovuşdular torpağa.
Ölüm sala bilmədi,
Bir-birindən uzağa.

Bu ilahi sevgidən,
Allah, nələr yazıldı?
Saf məhəbbət dastanı,
Əfsanələr yazıldı.

Bu misralar da məndən,
Onlara ağı olsun.
İki cənnət quşunun,
Məzarı nurla dolsun.

Ağı deyir analar,
Doğma elim yasdadı.
Ümmanlarca dərdim var,
Bəmim, zilim yasdadı.

Qəlbim oda qalandı,
Elim, obam talandı,
Ağlayan Savalandı,
Dağım, çölüm yasdadı.

Nələr andı göy Xəzər,
Dalğalandı göy Xəzər,
Dərddən yandı göy Xəzər,
Çayım, selim yasdadı.

Göz dikmişəm səhərə,
Qul olmadım bir kərə,
Söyləyin Ələsgərə
Göyçə gölüm yasdadı.

Qoy eşitsin Şəhriyar,
Qan ağlayır bu diyar,
Başını əyib Qoşqar,
Qış fəsilim yasdadı.

Dərdimi bil, a qardaş,
Ortaq ol, böl, a qardaş,
Gözümü sil, a qardaş,
Ayım, ilim yasdadı.

Əli Vəkil şad olmaz,
Öz yurduna yad olmaz,
Damağında dad olmaz,
Ana dilim yasdadı.

           ***

Nə yazsam Fərizədən,
Nə söyləsəm İlhamdan,
Tükənən deyil bilin,
Söz qəlbimdə heç zaman.

Qulağında toyun səsi,
Dilində vida nəğməsi,
Millətimin İlahəsi,
Dilim yatmayır bu sözə-
Dünyadan köçdü Fərizə?

Azərbaycan yas saxladı,
Çaylar da qəmli çağladı,
Mələklər qara bağladı,
Dilim yatmayır bu sözə-
Dünyadan köçdü Fərizə?

İlhamsız bu dünya boşdu,
Onun üçün doğulmuşdu,
Cənnət bağındakı quşdu,
Dilim yatmayır bu sözə-
Dünyadan köçdü Fərizə?

Onun kimi sevən hanı?
Heyran qoydu bu dünyanı,
Damarında dindi qanı,
Dilim yatmayır bu sözə-
Dünyadan köçdü Fərizə?

Kədər qəlbləri dağladı,
Eşidib-görən ağladı,
Ana torpaq, yer ağladı,
Dilim yatmayır bu sözə-
Dünyadan köçdü Fərizə?

Millətimin iftixarı,
Sevgidə yurdun vüqarı,
İlhamın ismətli yarı,
Dilim yatmayır bu sözə-
Dünyadan köçdü Fərizə?

Dözəmmədi ağır dərdə,
Dedi: “Bu qan qalmaz yerdə”,
Yeri isti ürəklərdə,
Dilim yatmayır bu sözə-
Dünyadan köçdü Fərizə?

Leyli yalan, Əsli yalan,
Əfsanədi yadda qalan,
Adı dildə dastan olan,
Dilim yatmayır bu sözə-
Dünyadan köçdü Fərizə?

Sadiq qaldı öz əhdinə,
İlhamına, düz əhdinə,
Ola bilməz söz əhdinə,
Dilim yatmayır bu sözə-
Dünyadan köçdü Fərizə?

Yollarını bürüdü çən,
Haçan döndü sevgi səndən?
“Necə dözüm İlhamsız mən?”
Dilim yatmayır bu sözə-
Dünyadan köçdü Fərizə?

Bir ah çəkdi yana-yana,
Yuxu gəldi dövran ona,
Axır yetdi İlhamına,
Dilim yatmayır bu sözə-
Dünyadan köçdü Fərizə?

                 ***

Cüt balanın ruhlarına,
Söz hədiyyəm, söz payım var.
Hər birisi fəxrim mənim,
İlhama da öz payım var.

Qarabağa getməliydi,
Elimin cəsur İlhamı.
Yurdu xilas etməliydi,
Elimin cəsur İlhamı.

Cəsarətdə ər oğlu ər,
Ot kökü üstündə bitər,
O gecə göstərdi hünər,
Elimin cəsur İlhamı.

Yox-yox, qaçıb gizlənmədi,
“Mənim nə işim”, demədi,
Döyüşkən bir əsgər idi,
Elimin cəsur İlhamı.

Ağdamından uzaq idi,
Ora getmək yasaq idi,
Doğulandan qoçaq idi,
Elimin cəsur İlhamı.

Tükənməzdi arzuları,
Sapa düzdü arzuları,
Tapmışdı ismətli yarı,
Elimin cəsur İlhamı.

Vuruldu halal zəhmətə,
Layiq idi hər hörmətə,
Arxalandı məhəbbətə,
Elimin cəsur İlhamı.

Dünya dolub-boşalacaq,
Ərlər Ağdamı alacaq,
Elə o yaşda qalacaq,
Elimin cəsur İlhamı.

Şəklinə baş əyəcəklər,
Əhsən sənə, deyəcəklər,
Dönə-dönə deyəcəklər,
“Elimin cəsur İlhamı”.

Daim örnək olacaqsan,
Tariximdə qalacaqsan,
Ad qazanmaq deyil asan,
Elimin cəsur İlhamı.

Sən bir nəslin iftixarı,
Doğma elin iftixarı,
Fərizənin sadiq yarı,
Elimin cəsur İlhamı.

Əli Vəkil söz tapmayır,
Səni yurdun fəxri sayır,
O anları unutmayır,
Elimin cəsur İlhamı.

              ***

Bir müqəddəs ocaqda
İki şəhid anası,
Bir şəhid ər oğlu ər,
Biri elin sonası.

Qara geyinibdir Ofeliya ana,
İlham kimi oğul itirib axı.
Naləsi ucalır lap asimana,
İmdada çağırır qadir Allahı.

İlhamın anası qoşa dağ görüb,
Həm də Fərizə tək gəlin itirib.
Yerindəcə dönüb daşa, dağ görüb,
Ay ellər, köməyə gəlin, itirib.

Paltarı qapqara Bağda ananın,
Qızı Fərizənin, yeznənin dərdi.
Ahı çatır hara Bağda ananın,
İtki böyük, təsəlli də hədərdi.

İlhamı sevirdi oğlu Vaqif tək,
Deyirdi: “Taleyin bəxşidir bu.
Vallah, balalarım gözə gələcək,
Biz kimik, Tanrının öz işidir bu”.

Qara geyinibdir şahid anası,
Qəfil yaxalayıb dərd onu nədən?
Göylərdən enibdir şəhid anası,
Önündə diz çökür, baş əyirəm mən.

Nər oğul böyütdü Vətənə arxa,
Düşmənə qənimdir odlar övladı.
Oğul elə şərəf, o sənə arxa,
Ölməyib, şəhid tək çəkilir adı.

Hər igid İlham tək yaşatsın gərək,
Ana şərəfini, Vətən eşqini.
Nifrəti püskürsün yanar vulkan tək,
Bombaya çevrilsin qəlbinin kini.

Yurdumun ən ağır sınaq günündə,
Şəhidlik zirvəsi çağırdı bizi.
Analıq borcunu ödədin sən də,
İlhamın qorudu Vətənimizi.

Qara geyinibdir şəhid anası,
Qəfil yaxalayıb dərd onu nədən?
Göylərdən enibdir şəhid anası,
Önündə diz çöküb, baş əyirəm mən.

                ***

Dəhşətli şənbə günü,
Qalıbdır yaddaşımda.
Onda yazdığım şeirim,
Hey dolanır başımda:

Qəsdimizə durdular,
Sinəmizdən vurdular,
Günahsızdıq -qırdılar,
İyirmi yanvar günü.

Geriyə çəkilmədik,
Qorxu nədir bilmədik,
Şəhid olduq, ölmədik,
İyirmi yanvar günü.

Neçə-neçə qəhrəman,
Susduruldu həmin an,
Küçələrdən axdı qan,
İyirmi yanvar günü.

Düşdüksə də biz dara,
Baş əymədik yadlara,
Qara yazıldı, qara –
İyirmi yanvar günü.

Qəddar ordu tökdü qan,
Qırğın oldu nahaqdan,
Düşmən güldü uzaqdan –
İyirmi yanvar günü.

Güllələndi diyarım,
Savalanım, Qoşqarım,
Qan ağladı baharım –
İyirmi yanvar günü.

Allah, dözüm ver, dözüm,
Nələr görmədi gözüm,
Köks ötürdü Təbrizim –
İyirmi yanvar günü.

Min bəla başımızda,
Dil açdı daşımız da,
Qaldı yaddaşımızda –
İyirmi yanvar günü.

İlham dözə bilmədi,
Yadlara əyilmədi,
Sözünü üzə dedi –
İyirmi yanvar günü.

Ona niyə qıydılar,
Yoxsa düşmən saydılar,
Kaş ki, kor olaydılar –
İyirmi yanvar günü.

Nahaq qan çıxdı dizə,
Baxıb yad güldü bizə,
Kədər döndü dənizə –
İyirmi yanvar günü.

             ***

Qəzəbindən Xəzər də,
Nərə çəkdi bir anda.
Bildi ömürlər sönür,
Bakının qucağında.

Neçə yerdən tuşlandı,
Sinəmizə güllələr.
Tətik çəkilən zaman,
Baxmaz sözə güllələr.

Enlikürək gənclərə,
Yamanca toy tutdular.
Nakam sussa da onlar,
Elimi ucaltdılar.

Nə oyundu açdılar,
Başımıza görəsən?
Bu fitnəyə-fəsada,
Necə qiymət verəsən?

Ürəyimiz oldu hədəf,
Axıdıldı qan, o gecə.
Qorudu öz şəhərini,
Gör neçə insan o gecə.

Güllələrdən qulaq batdı,
Yer ağladı, göy ağladı.
Anaların gözlərindən,
Car oldu leysan o gecə.

Mərd oğullar, igid qızlar,
Torpaq üstə sərildilər.
Qansız idi, mürvətsizdi,
İlahi, dövran o gecə.

Gurultudan dördgöz oldu,
Şirin-şirin yatan şəhər.
Ölüm yüklü, qan yüklüydü,
Hər dəqiqə, an o gecə.

Avtomatlar, tanklar dindi,
Göy Xəzər də lərzə gəldi,
Yurdun cəsur oğulları,
Susdu nahaqdan, o gecə.

Bu qədər də qan tökülər?
Axı bu xalq günahsızdı.
Çox gecikdi nurlu səhər,
Gec söküldü dan o gecə.

Vətən kömək diləyirdi,
Qeyrət, sınaq onlarıydı,
Elin igid övladları,
Qazandı ad-san o gecə.

Şənbə günü şəhid oldu,
Mərd İlham da, məktəbli də.
Odlar yurdu Azərbaycan,
Çıxdı sınaqdan o gecə.

                          ***

Mümkün deyil bu gəncləri unutmaq,
Fəxrimizdir mərd gəlin də, İlham da.
Fərizənin məktəbinə üz tutmaq,
Sonsuz hörmət, bu insana, bu ada.

Ağ xalatlı tələbəydi Fərizə,
O kursda tək oydu ailə quran.
Ya rəbbim, bəlkə də qız gəldi gözə,
Sən demə, əcəlmiş pusquda duran.

Dümağ göyərçinlər nələr söylədi,
Partasına qərənfillər düzüldü.
Qəlbindən keçəni Mətanət dedi,
Dostların gözündən qan-yaş süzüldü.

Unudulmaz Leylanın da sözləri,
“Yaxşı ki, onun tək qızlarımız var”,
Yaşarmışdı Rübabənin gözləri,
“Bir yerdə oturduq”, bu bir iftixar.

Sevda o günləri sevdalı saydı,
“Doymurdum mən onun zarafatından.
İlyarım bizimlə oxumasaydı,
Qəlbimizi üzməz idi bu hicran”.

Kədərli-kədərli dindi Zəminə:
“Onun gülüşləri çıxmaz yadımdan”.
Özgə nə söyləsin indi Zəminə?
“Qəşəng, qəmli görünərdi hər zaman”.

Axır gəlib növbə çatdı Rənaya,
“Fərizə hamıdan gözəl qız idi.
Öyüd-nəsihəti almadı saya,
Etibarı, əhdi, sözü düz idi”.

Xatirə söylədi sanki Xatirə:
“Bütün müəllimlər sevərdi onu.
Belə qızlar doğulurlar bir kərə,
Fəlakətlə bitdi ömrünün sonu”.

Kövrəlmişdi Xalidə də, Əsli də;
“Onun yoxluğuna inanmaq olmur.
Ali imiş nəcabəti-nəsli də,
Məzarı üstündə çiçəklər solmur”.

Fərizə oturan partada qırx gün,
Qərənfillər onu əvəz elədi.
Hey rəhmət dedilər ruhları üçün,
Analara hamı dözüm dilədi.

***

Enerji bloku partladılmışdı,
Tamam məhrum idik televiziyadan.
Yağılar hamını qaçaq salmışdı,
Axı məlumatı alaydıq hardan?

Dövlət radiosu yadın əlində,
Bir naşı orada çərənləyirdi.
Nala-mıxa vururdu “öz dilində”,
Tutula-tutula nəsə deyirdi.

Dərd əlində inləyəndə millətim,
Yetdi dadımıza qaboy, kamança.
Ürək-dirək verəcəydi özgə kim?
Tar dil açdı, üsyan etdi yamanca.

Radioda təkcə onlar zarıdı,
Ümmanlarca dərdimizi çaldılar.
Çalğı dara çəkdi düşməni, yadı,
Sənətçilər elə sadiq qaldılar.

 

TAR

Ahəstə çal, ay eloğlu, tarı sən,
Mizrabını gəl qəlbimə toxundur.
Dərdimizi simlərə de, barı sən,
Oddur tellər, əlin yanar, toxun, dur.

Vallah, dəli eyləyəcək tar məni,
Ramiz qardaş, barmaqların var olsun.
Bu sənət öldürər, yaşadar məni,
Çal, yaddaşlar büllurlaşsın, durulsun.

Barmaqların sehirlidir, bilirəm,
Bu tar dinib dünyanın çox yerində.
Simlərdə çağlayır indi kədər, qəm,
Barmaqlar gəzdikcə pərdələrində.

Simləri yox, ürəkləri çalırsan,
Qulaq asmaq, dərdə dözmək çətindi.
Qəm üstündə diləkləri çalırsan,
Dada yetən tardı, məharətindi.

 

KAMANÇA

Kədərlidir kamançanın naləsi,
Faciədən, dərdimizdən söz açır.
Ömrüm boyu unutmaram o səsi,
Elə bil ki, simlər qəlbə od saçır.

Fərizəyə sanki ağı çalır o,
Kaman bizi çox yandırıb-yaxacaq.
Xalqı qırdı qəddar yağı, çalır o,
Simlərdəki naləyə bax, aha bax.

Sim üstündə gəzir ustad barmağı,
Analarla bir hıçqırır tellər də.
Yadlar çəkdi sinəmizə bu dağı,
Dilə gəlir yüz dərd-bəla tellərdə.

“Habil Kaman” -ad veribdir el sənə,
Kamançaya şöhrət oldu sənətin.
Nələr deyir kamançada tel sənə,
Üzə çıxır yeni sehrin, hikmətin.

 

QABOY

Ustad Kamil, çal, qaboyu bir də çal,
Məftun etsin o səs bizi, ün bizi.
Zərbə vurmaq üçün ağır dərdə, çal,
Dəli edib faciəli gün bizi.

Qaboy necə ağlayarmış, ay Allah,
Onun ilə hey hönkürdü analar.
Qəm ürəkdə çağlayarmış, ay Allah,
Qaboyun da insan kimi dili var.

Göynədikcə qəlbimizin yarası,
Qaboy səsi dərman olur kədərə.
Bizim kimi o da duyur bu yası,
Dilə gəlir dərdli qəlblər, dağ, dərə.

Qaboy dinsin, kaman dinsin, tar dinsin,
Fərizənin, ər İlhamın yasıdı.
Qoy eşidib bütün insanlar dinsin,
Haçansa qisası el alasıdı.

                    ***

Dərddən yazan qələm ağlar,
İlham yası qəlbi dağlar,
“Mərd Fərizə” -yaramız var-
Məmləkətim ağlamasın,
Qoy millətim ağlamasın.

Yad qapımı döydüsə də,
Ox sinəmdən dəydisə də,
Dərd qəddimi əydisə də –
Məmləkətim ağlamasın,
Qoy millətim ağlamasın.

Torpaqdan şəhid cücərdi,
Xalq səngərə sinə gərdi,
Vətən yenə qurban verdi –
Məmləkətim ağlamasın,
Qoy millətim ağlamasın.

Babəklərim, qılınc çalın,
Qaniçəndən qisas alın,
Biz döyüşdük əliyalın –
Məmləkətim ağlamasın,
Qoy millətim ağlamasın.

Ha yalan de, ha haqqı dan,
Yerdə qalmaz bu nahaq qan,
Belə getməz axı dövran –
Məmləkətim ağlamasın,
Qoy millətim ağlamasın.

Gözləyir al səhər bizi,
Qırat üstə yəhər bizi,
Sarsıtmasın qəhər bizi –
Məmləkətim ağlamasın,
Qoy millətim ağlamasın.

Göz yaşıynan qisasmı var?
Düşmən baxıb xoşhal olar,
El ağlasa zəfər çalar?
Məmləkətim ağlamasın,
Qoy millətim ağlamasın.

Ölkənin baş şəhəri,
Dərdə sirdaş şəhəri,
Matəmiydi səhəri –
Şəhid verdi Bakımız.

Qanlı şənbə gecəsi,
Silah sınağı, bəhsi,
Saymadılar heç kəsi –
Köks ötürdü Bakımız.

Nə qədər qan töküldü,
Öldü insan, töküldü,
O gün qəddi büküldü –
Nələr gördü Bakımız.

İlham üz tutdu yada;
Əsgər, salma qan-qada,
Ömrünü verdi bada –
Ər itirdi Bakımız.

Fərizə gəlinin adı,
Müqəddəsdi əhdi, andı,
O, İlhamsız yaşamadı –
Tanı mərdi, Bakımız.

Dərk etməyir baş, beyin,
Kimə üz tutsun, deyin,
Necə unutsun, deyin,
Ağır dərdi Bakımız.

Qəribəydi, qəribə,
Meydan verildi hərbə,
Şəhərdə müharibə? –
Sinə gərdi Bakımız.

             ***

Qara lentlər bağlandı,
Yad gəldi bizə bayraq.
Başım üstündə deyil,
Enibdir dizə bayraq.

Allah, özün yetiş dada,
Nələr gördük bu dünyada,
İlham baş əymədi yada,
Yerə endi qara bayraq!
Çəkdi bizi dara bayraq!

Eyvanlarda, əllərdədir,
Birlik sözü dillərdədir,
Cənazədən öndə gedir,
Vətənindi qara bayraq!
Çəkir bizi dara bayraq!

Başımızın üstdən enib,
Al şəfəqi, rəngi sönüb,
Ağı deyən elə dönüb,
Dərddən dindi qara bayraq!
Çəkir bizi dara bayraq!

Allah, buna dözmək çətin,
Əldə tutub gəzmək çətin,
İzdihamı süzmək çətin,
Yüzdü, mindi qara bayraq!
Çəkir bizi dara bayraq!

Nə ağırdı matəm günü,
Unutmazsan gördüyünü,
Yaddaşa yaz səsi, ünü,
Yas saxlayır qara bayraq!
Çəkir bizi dara bayraq!

                 ***

Şəhidlər dəfn olundu,
İyirmi iki yanvarda.
Elə bir matəm günü,
Harda olubdu, harda?

Qərənfil yağdı göydən,
Bakım gülə qərq oldu.
Küçələrlə Xiyaban,
Qərənfilə qərq oldu.

Elin ağır günündə,
Gəlibdir yaxın-uzaq.
Qərənfillə örtülüb,
Gül bitirən bu torpaq.

Vardan-yoxdan çıxmağı,
Bacarandı insanlar.
Neçə milyon qərənfil,
Gətiriblər gör onlar?

Aman Allah, bu nədir?
Bu qədər də gül olar?
Qərənfil dənizində,
Üzüb gedir tabutlar.

Qan tökülən yerləri,
Örtmək üçündür güllər.
Şəhid məzarlarını,
Öpmək üçündür güllər.

Dağ da, daş da, səma da,
Ağladı şəhidlərə.
Anaların göz yaşı,
Döndü Xəzərə, Kürə.

Bu sözləri yazdıqca,
Nələr çəkdim, nələr mən?
Oda dönmüş göz yaşım,
Süzüldü gözlərimdən.

Ölüm ilə, qeyrətlə,
Yüklənmişdi o gecə.
Gənclər heykəlləşirdi,
Torpağa sərilincə.

Tarix necə unutsun,
Ofeliyanın səsini?
İlham-Fərizə yazdı,
Qeyrət səlnaməsini.

O gün mənfur ölümə,
İlham sinə gərəndə,
Donub qaldı qatillər,
Bu qeyrəti görəndə.

Donub qaldı yerində,
Nahaq qan tökən yağı.
İlhamı nişan alıb,
Tətiyi çəkən yağı.

Tanklar yazdı bu yurdun,
Qanlı səhifəsini.
Şəhidlər yaşadacaq,
Şanlı səhifəsini.

Qanlı yanvar gecəsi,
O şaxtalı qış günü.
İlhamla Fərizənin,
Həm də doğuluş günü.

               ***

O qədər atəş səsi,
Eşitməmişdi şəhər.
Fərizəyə, İlhama,
Yas saxladı sevənlər.

Neçə şənlik, neçə toy,
Yarımçıq qaldı o gün.
Dərdi çəkilməz oldu,
Bakım qocaldı o gün.

Tankların nərəsindən,
Dördgöz oldu körpələr.
Nələr etdi cəlladlar,
Aman Allah, gör nələr?

Əliyalın İlham da,
Hədəf oldu gülləyə.
Susduruldu elini,
Ürəkdən sevir deyə.

Fəlakətə baxın siz,
Qol tapılıb, bədən yox.
Tankmı keçib üstündən,
Bunu bəyan edən yox.

Bir məzarda Yusifin,
Tək qolu dəfn edildi.
Sol qolun əfsanəsi,
Yaşayır neçə ildi.

Meyidlər var, ya rəbbim,
Tanımaq mümkün deyil.
Sızlayacaq bu yara,
Ürəklərdə neçə il.

Dərdin ağırlığından,
O gün hər yan ağladı.
Araz ilə bölünmüş,
Azərbaycan ağladı.

Qəmdən ağı deyən də,
Qəzəl yazan da oldu.
Hər sözümüz, misramız,
Dərdimizdən doğuldu.

Neçə yol söhbət etdim,
Gənc şair Ülviylə mən.
Söyləyin, haçan doydu,
Obasından, elindən?

Atəşli ürəyində,
Göyçə dərdi var idi.
Ona qol-qanad verən,
O doğma diyar idi.

Ölməzlik yolçusuydu,
Vüqarlı balam mənim.
Kim nişan aldı, söylə,
Kim oldu sənə qənim?

İyirmi yaşlı Ülvim,
Son mənzil – Əbədiyyət!
Qəlbində yurd salmışdı,
Təmiz arzu, xoş niyyət!

                 ***

Cəsarətli, mərd İlham,
Gəlinimiz – Fərizə.
Məhəbbəti al Günəş,
Qəlbi təmiz Fərizə.

Qoy eşitsin yer üzü,
Qoy eşitsin ölkələr.
Belə bir məhəbbətə,
Qibtə etsin ölkələr.

Vur-tut altı ay əvvəl,
Olmuş idi toyları.
İlham sevib seçmişdi,
Fərizə tək bir yarı.

Fərizənin yanında,
Sevən qızlar yalandı.
Ləyaqətlə qorudu,
O qız içdiyi andı.

Görəndə ki, İlhamı,
Susdu Vətən yolunda.
Zəhər içdi həmin gün,
Yaşamadı bir an da.

Nə yazım layiq olsun,
Nə söyləyim bəs indi?
Adıyla fəxr etməyə
Belə övlad bəsindi.

Sən ondakı təpərə,
Qeyrətə bax, İlahi.
Gültək açan gəlində
Cürətə bax, İlahi.

Xoş günləri öndəydi,
Ana da olmalıydı.
İlhamla ömür sürüb,
O yaşa dolmalıydı.

“Vağzalı”nın sədası,
Hələ qulaqda idi.
Hənanın qızartısı,
Hələ barmaqda idi.
Bu ailə sevinci,
Nə tez xəyala döndü?
Xoşbəxtliyin çırağı,
Güclü küləkdən söndü.

Qoşa yatırlar onlar,
Vüqar, qeyrət rəmzi tək.
Torpağın altında da,
Bir vurur iki ürək.

Qoy ölüm sevinməsin,
Öyünməsin heç zaman.
Ayrı sala bilmədi,
Fərizəni İlhamdan.

Öz elimiz, obamız,
Öz müqəddəs yurdumuz.
Niyə öz evimizdə,
Qırdı bizi “ordumuz”?

Bu tökülən qanların,
Günahkarı kim oldu?
Nə bir cəza verildi,
Nə məhkəmə quruldu?

O gecə müdhiş gecə,
Yaman qanlı gecəydi.
Cəsarətli İlhamın,
Köksünə güllə dəydi.

Qəzəbindən Xəzər də,
Nərə çəkdi o anda.
Gördü ömürlər sönür,
Bakımızın qoynunda.

Neçə yerdən tuşlandı,
İlhamıma güllələr.
Tətik çəkilən zaman,
Yetir kama güllələr.

İlham kimi gənclərə,
Yamanca toy tutdular.
Nakam susan övladlar,
Elimi ucaltdılar.

İblis, şeytan felindən,
Qoru bizi, İlahi!
Yaraladı qatillər,
Qəlbimizi, İlahi!

                 ***

Düşmənlərə deyiləsi sözüm çox,
Yeri gəldi qoy bildirim, qoy yazım.
Nə yaxşı ki, məndə dərdə dözüm çox,
Xoş qədəmlə gəlsin yurda qoy yazım.

Məmləkət can atıb suverenliyə,
Bəsdir özgələrə baş əydiyimiz.
Azadlıq əzmimi boğdular niyə?
İyirmi yanvarda nələr gördük biz?

Haqqını istəyən xalqın başına,
Qantökən “ordumuz” min oyun açdı.
Oğul, qız itirdi gör neçə ana,
Güllələr zülmətdə gur işıq saçdı.

O gün susduruldu yüzlərcə insan,
Ana fəryadını eşitdi hamı.
Ah çəkdi diyarım, sarsıldı yaman,
Yağı niyə nişan aldı İlhamı?

O şənbə gecəsi töküldü qanım,
Mələklər diksindi güllə səsindən.
Köksünü ötürdü Azərbaycanım,
Dərdli anaların ah-naləsindən.

Nahaq qan tökməyə gəlmişdi ordu,
Günahsız İlhamlar şəhid oldular.
Hədəf seçmişdilər müqəddəs yurdu,
Quzğunlar Bakıya niyə doldular?

Başımın üstündən uçdu güllələr,
Tankların harayı qulaq batırdı.
Qeyrətli övladlar susdular hədər,
Qaniçənlər sağa-sola atırdı.

Çatdı məqsədinə bədxahlar o gün,
Küçələr boyandı lalə rənginə.
Yanağı allandı bir anda göyün,
Yaddan zərbə aldıq biz dönə-dönə.

Nəydi günahımız, nəydi bilmirəm.
Kimin toyuğuna “kiş” demişdik biz?
Bu zərbə nə üçün dəydi, bilmirəm?
Qana qəltan oldu igidlərimiz?

Nəydi günahımız görən, ay Allah,
Bakıda yağış tək yağdı güllələr?
İnana bilmirəm, mən buna vallah,
Niyə qan rənginə çaldı üfüqlər?

Nəydi günahımız, nəydi, İlahi?
Bakının qəlbinə yara vurdular.
Güllə sinəmizdən dəydi, İlahi,
Satqınlar, paxıllar ara vurdular.

Vahid olmalıdır Azərbaycanım,
Təbrizim, Şirvanım, Qarabağım var.
Yaşa dolmalıdır Azərbaycanım,
Bir dilim, bir elim, bir torpağım var.

                      ***

Dünya xəbərləri, telekanallar,
Yaydı yer üzünə baş verənləri.
Ar olsun nahaqdan qan tökənə, ar,
Cahan xatırlayır həmin günləri.

Yazıldı Fərizə-İlham barədə,
İnanan az oldu, inanmayan çox.
Gəlin belə addım atmaz heç vədə,
Bunu şayiə sayan, yalan sayan çox.

Qeyrətli İlhamı güllələyiblər,
Silahsız-filansız durduğu yerdə.
Qarabağı töhfə verin deyiblər,
Axıb, gölmələnib qan küçələrdə.

İyirmi yaşında gəlin nə üçün,
Zəhər içib, intihara əl atıb?
Dolaşdı hər yanı bu xəbər, bu ün,
Qıyıb həyatına ərinə çatıb.

Cüt İlham-Fərizə – toy şəkilləri,
Yer tapdı dünyanın qəzetlərində.
Fərizə mat qoydu bütün elləri,
Ülvi məhəbbətin kökü dərində.

Atdı bu addımı, atdı Fərizə,
Yox etsin məhəbbət dastanlarını.
Bilmədik ki, amanatdı Fərizə,
Yaşadaq həqiqət dastanlarını.

Göstərdi ki, bu millətin sevgisi,
Torpağı tək alovludu, odludu.
Günəş kimi yanar, mətin sevgisi,
Əfsanədi, həqiqətdi, bax budu.

Eşidildi insanların dilindən,
İlhama süd verən anaya əhsən!
Ofeliyadı – Azərbaycan elindən,
Yer üzündə fəxri ana oldun sən.

İyirmi yaşdaydı gəlin Fərizə,
Döşündən süd əmib Bağda ananın.
Fəxridir millətin, elin Fərizə,
Hörmətini qazandı bu dünyanın.

Ona öyüd verən Bağda müqəddəs,
Cəsarətli, qəhrəman qız böyüdüb.
Yarışammaz yaşıdları, heç bir kəs,
Ana əhdi-ilqarı düz böyüdüb.

İki aşiq, iki gənc var cənnətdə,
Qoşa şəhid orda mələk donunda.
Millət üçün onlar vüqar cənnətdə,
Cüt məzar – “Şəhidlər Xiyabanı”nda.

On beş ildir gül gətirir cüt ana,
Ziyarət edirlər qoşa məzarı.
Bəy-gəlin şəkili – baxırlar ona,
Dinib-danışaydı ər-arvad barı.

Qonaq gəlir dünyanın hər yerindən,
Ziyarət edirlər nakam gəncləri.
Nəzər salan köks ötürür dərindən,
Elin şəhid bəndəsidi hər biri.

Əcnəbi qonaqlar fikrə gedirlər,
Vərəqlənir bir məhəbbət dastanı.
Nədən onlar bəs təəccüb edirlər?
Fərizə-İlham tək sevənlər hanı?

Gəlir məzar üstə Bağda, Ofeliya,
Burda hər birinin iki övladı.
Axan göz yaşları bənzəyir çaya,
Qoşa şəhid – ürəkdəki övladı.

Bala məzarının üstə qoymağa,
Neçə dəfə gül gətirib analar.
Vaxt lazımdır hesablayıb saymağa,
Dərdə-qəmə sinə gərib analar.

Tək gəliblər, cüt gəliblər neçə yol,
Doymayıblar mərmərə üz sürtməkdən.
Cüt şəkili cüt siliblər neçə yol,
Bezməyiblər soyuq daşı öpməkdən.

Xeyir-dua verir İlhamın ruhu,
Yaşayın, ay ana, baş çəkin bizə.
Unutmayın istəyimiz budur, bu,
Yubansanız darıxacaq Fərizə.

Dilə gəldi əhdə sadiq dildarı,
Doğmaları arzulayır İlham da.
Bəxtəvər yaşasın qohumlar barı,
Həmişə, həmişə düşürük yada.

                    ***

Milyon-milyon insan gəlib,
Cüt məzarı ziyarətə.
Bütün Azərbaycan gəlib,
Cüt məzarı ziyarətə.

On beş ildə neçə ana,
Balam deyib yana-yana,
Üz tutublar Xiyabana –
Cüt məzarı ziyarətə.

Yaşayırlar ürəklərdə,
Arzularda, diləklərdə,
Enib gələr mələklər də,
Cüt məzarı ziyarətə.

Tanıyan çox Ofeliyanı,
Yollarda üzülüb canı,
İstər sərf etsin hər anı,
Cüt məzarı ziyarətə.

Kim nə deyir desin ona,
Sözü olur balasına,
Hey can atır Bağda ana,
Cüt məzarı ziyarətə.

Şəhidliyin zirvəsi var,
Onlar orda tutub qərar,
Axışıb gəlir adamlar,
Cüt məzarı ziyarətə.

Vətən yolunda susdular,
Hər birinin adı yaşar,
Nə yaxşı ki, gələnlər var,
Cüt məzarı ziyarətə.

Onlartək sevin, sevilin,
Toydan öncə bəylə gəlin,
Gəlin, and içməyə gəlin –
Cüt məzarı ziyarətə.

              ***

Gör nə boldur gül-çiçək,
Sevgililər günündə.
Susarmı sevən ürək,
Sevgililər günündə.

Güllər əlləri bəzər,
Bir söz dilləri bəzər,
Aşiq həsrətə dözər,
Sevgililər günündə.

Aşıb-daşar xoş hisslər,
Hər kəs yarını səslər,
Eşqi ürəkdə bəslər,
Sevgililər günündə.

Dəbdə olar toy, nişan,
Çoxalar əhdi-peyman,
Qızlar kövrələr yaman,
Sevgililər günündə.

Üzlər, könüllər gülər,
Evə elçilər gələr,
Göylərdən nur tökülər,
Sevgililər günündə.

Fərizə-İlham adı,
Heç vaxt unudulmadı,
Közərdi qəlbin odu,
Sevgililər günündə.

Bu İlham, bu Fərizə,
Gəlin, durun üz-üzə,
Bu sevgi örnək sizə,
Sevgililər günündə.

Təzə bəy, təzə gəlin,
Qoşa gülüsüz elin,
Bura Məkkədi, bilin,
Sevgililər günündə.

Əli Vəkil, haray sal,
Xəbər tutsun hər mahal,
Söz əhdinə sadiq qal,
Sevgililər günündə.

                     ***

Nələr gəldi bu Vətənin başına?
Belə sınaqları azmı görmüşük?
Qan çilənib torpağına, daşına,
Çətin döyüşlərə sinə gərmişik.

Nələr gördü sona yetən əsrimiz,
Vətən, başın bəlalıdır, bəlalı.
Qarabağsız başa vurduq əsri biz,
Vətən, başın bəlalıdır, bəlalı.

Biz nə üzlə yollanırıq sabaha,
Bu dünyadan baş açmıram mən daha,
Əlim çatmır, ünüm yetmir Allaha,
Vətən, başın bəlalıdır, bəlalı.

Elə bil ki, su üstündə gəmiyəm,
Yol yoldaşım, qəlb sirdaşım kədər, qəm,
Yaşasam da elə ölü kimiyəm,
Vətən, başın bəlalıdır, bəlalı.

Baş açmırsan indi sənin özün də,
Faciələr cana gəlir gözündə,
Tükənibdir söhbətin də, sözün də,
Vətən, başın bəlalıdır, bəlalı.

Dünyamızın hitlerləri yaranıb,
Terrorçuluq cana gəlib, oyanıb,
Qucağında millət qana boyanıb,
Vətən, başın bəlalıdır, bəlalı.

Bakımıza doldu min-min yaraqlı,
Əliyalın biz haqlıydıq, biz haqlı,
Bir haqsızı qandırammır yüz haqlı,
Vətən, başın bəlalıdır, bəlalı.

Mərd Babəkin gələr əliqılınclı,
Görmək istər bütün eli qılınclı,
Qoç Koroğlu sazlı, beli qılınclı,
Vətən, başın bəlalıdır, bəlalı.

Yenilməzdir, qəhrəmandır əcdadım,
Cavanşirdir, Səttərxandır əcdadım,
Öc olmuşam, əzəl gündən öc – adım,
Vətən, başın bəlalıdır, bəlalı.

Bu diyarın övladları şirdi şir,
İftixarım göy Xəzərdi, Kürdü Kür,
Azərbaycan mənim üçün pirdi-pir,
Vətən, başın bəlalıdır, bəlalı.

Yas içində sənə tutdum üzümü,
Dinlə məni, barı, eşit sözümü,
Əsirgəmə mətanəti, dözümü,
Vətən, başın bəlalıdır, bəlalı.

                ***

Zülm ərşə dayandı,
Hər yan qana boyandı,
Dədəm Qorqud oyandı,
O şənbə gecəsində.

Titrətdi tanklar yeri,
İlham yurdun əsiri,
Susdurdular ərləri,
O şənbə gecəsində.

Divarlar deşik-deşik,
Güllələndi ev-eşik,
Neçə şəhid vermişik,
O şənbə gecəsində.

Sinəmiz yaralandı,
Arzular paralandı,
Yar-yardan aralandı,
O şənbə gecəsində.

Dağüstü Xiyaban var,
Yan-yanadır məzarlar,
Qaldı bizə yadigar,
O şənbə gecəsindən.

                  ***

Küçəmizə qan tökülüb,
Qan-yaş tökür gözüm mənim.
Bəlkə susuz dəyirmanam,
Tükənibdir sözüm mənim?

Baxmıram o eyvana,
Gözdağımdır güllə izi.
Namərd qəfil susdurubdur,
Ordan durub baxan qızı.

Gör kimlərə güllə dəydi,
Aman Allah, gör kim öldü?
Təcili yardıma gələn,
Ağ xalatlı həkim öldü.

Ay sürücü, bu yerdə sən,
Maşını sür ehtiyatlı.
Burdan xalqı nişan alıb,
Neçə-neçə avtomatlı.

Qulağımda güllə səsi,
Xəyalımda “Qanlı gecə”.
Dərdimizdən söhbət açıb,
Faciədən yazım necə?

İndi yüz-yüz yaralanan,
İndi yüz-yüz ölənlər var.
Bu torpağı candan sevib,
Ziyarətgah bilənlər var.

Qeyrətlilər, fədailər,
Qovuşdular ölməzliyə.
Bir gecənin şəhidləri,
Şöhrət oldu yerə, göyə.

Dərdi var göylər ağlar,
Dil açar göylər ağlar,
Günahsız qurbanlara
Hıçqırar göylər ağlar.

Bura Odlar yurdudu, bil,
Qeyrət, vüqar yurdudu, bil,
Yox, unuda bilmirik biz
Babam Dədə Qorqudu, bil.

Aranım var, dağım var,
Gecəm var, sübh çağım var.
Qəddar düşmən, öyünmə,
Qeyrətdən yarağım var.

Tariximdən, yurdumdan,
Olmadı xəbərləri.
Qeyrət idi qoruyan,
Bu torpağı, bu yeri.

Torpağıma qan çiləndi,
Qan oldu hər yan, çiləndi,
Yer də, göy də al boyandı,
Bəlkə göydən qan ələndi?

Şəhid oldu qərənfillər,
Dərddən soldu qərənfillər,
Qanımızla boyanıbdır
Necə aldı qərənfillər.

Yağı, bil ki, yer mənimdi,
Göylər mənim, yer mənimdi,
Xam xəyala düşən qatil,
Bura mənim Vətənimdi.

Damarımda Babəkin,
Al qanıdır dövr edən.
Nəsimiyəm soyuldum,
Uf, deyib – əyilmədən.

Cavanşirim, Koroğlum,
Səttərxanım var mənim.
İsrafilim, Mixaylom,
Adım-sanım var mənim.

Yanıldılar zalımlar,
Yanıldılar yamanca.
Vallah ağı qarayla,
Səhv saldılar yamanca.

Ordu gəldi xalqlara,
Layla deyən şəhərə.
Neçə-neçə milləti,
Əzizləyən şəhərə.

Qorxu bilməz igidlər,
Girdilər tank altına.
Oddan yaranan insan,
Baxmaz ölümə, qana.

Çox vuruşub bu ordu,
Belə qeyrət görməyib.
Ölümündən qorxmayan,
Belə millət görməyib.

Bilmədilər cəsurdu,
Bu torpaqda hər insan.
Dar ayaqda qaçmırlar,
Ərlər heç vaxt meydandan.

Gülə-gülə getdilər,
Tankın üstünə onlar.
Ölüm döydü qapını,
Qorxmadı yenə onlar.

Odlar oğlu əzəldən,
Məğlubiyyət bilməyib.
İradəsi poladdır,
Qırılıb, əyilməyib.

İlhamlar el yolunda,
Öldülər – yaşasınlar.
Ölən günü dünyaya,
Gəldilər – yaşasınlar.

Torpağının qədrini,
Bilənlər şəhid oldu.
Qorxaqlığı qəlbindən,
Silənlər şəhid oldu.

Bu sınaqda seçdik biz,
Sadiq dostu düşməndən.
Necə unudum, deyin,
O şənbə gününü mən.

Faşistlər də bu qədər,
Qəddarlıq etməmişdi.
Heç kəs baş açmadı ki,
Bu nə kələk, nə işdi?

Qırdılar uf demədən,
Səhərəcən qırdılar.
Küçədən keçənləri,
Hətta koru vurdular.

Mətbəxdə çay düzəldən,
Qarını da vurdular.
Nişanlanmış bir qızın,
Yarını da vurdular.

Tanka yaxın olanı,
Aralını vurdular.
Qanına qəltan kəsi,
Yaralını vurdular.

Tankın altına salıb,
Neçəsini əzdilər.
İtgin düşübdür, deyə,
Neçəsini gəzdilər.

Neçə rus güllələndi,
Tatar da şəhid oldu.
Yəhudi də vuruldu,
Kim harda şəhid oldu?

Güllələndi eyvanlar,
Güllələndi evlər də.
Yaralılar, ölənlər,
Yardımsız qaldı yerdə.

Neçə xəstəxanada,
İşıqlar söndürüldü.
Cərrahiyyə otağı,
Zülmətə döndərildi.

Baş açmadı bu işdən,
Vallah, göydə Allah da.
Niyə görəsən axı,
Gəlib yetmədi dada?

Bilmədik ki, nə sirdi,
Hamı sanki əsirdi.
Namərdlərin qılıncı
Sağa-sola kəsirdi.

“Qanlı yanvar” yarandı,
Yadda qaldı, yar andı,
Köksüm altda göynəyən,
Oğul, sənin yarandı.

Dəniz ağlar, çay ağlar,
Kədərindən hey ağlar,
Mərd İlhamın anası,
Hər həftə, hər ay ağlar.

Qırıldı tarım mənim,
Qışdı baharım mənim,
El üçün şəhid oldum
Fərizəm – yarım mənim.

                     ***

Kimdən söhbət açsam da,
Nə söyləsəm bu gün mən.
Olacaq söz-söhbətim,
İlhamdan, Fərizədən.

Xiyabanda mən sizi,
Hey ziyarət etmişəm.
Haqdan gələn sözləri,
Qəlbimdən eşitmişəm.

Görüşlərin birində,
Yaddaşa həkk olunan.
Sözlər dilimə gəlir,
Sözlər səslənir bu an.

Cüt məzarın başında,
Gör nələr duymuşam mən.
Köçürürəm kağıza,
Axıb gəlir qəlbimdən.

Sən intihar edəndə,
Nələr düşündün, nələr.
Əlvida məktubunda,
Yer tapdı bu kəlmələr:

“Mən İlhama qovuşuram,
Ağlamayın heç biriniz.
Onsuz yaşaya bilmirəm,
Deyin, gülün dünyada siz.

Ay ana, sən məndən sonra,
Daha ağlama, ağlama.
Nalə çəkib gecə-gündüz,
Yas da saxlama-saxlama”.

Bakıda – “Şəhidlər Xiyabanı”nda,
Yeni ziyarətgah – qoşa məzar var.
Müqəddəs sayılır elin yanında,
Vətənin yolunda şəhid olublar.

Ora qibləgahdı sevənlər üçün,
Cütlər and içəcək o məzarlara.
Bura gələcəklər toy başlanan gün,
Yağacaq gül-çiçək o məzarlara.

Gənclər onlar kimi sevsinlər yalnız,
Ayıra bilməsin mənfur əcəl də.
Baş əysin, diz çöksün burda oğlan, qız,
Ənənə yaransın obada, eldə.

Beləcə sevsinlər balalarımız,
Yaddan qisas alan saf məhəbbətlə.
Namus dövlətimiz, ismət varımız,
Öyünək torpağa, elə xidmətlə.

                    ***

Torpağımda töküldü qan,
Daha məndə qalmadı can,
Yazım İyirmi Yanvardan –
Bəsdir dözdük, bəsdir daha.

Qarabağ qana boyandı,
Qəzəb, nifrət hissi yandı,
Bıçaq sümüyə dayandı –
Bəsdir dözdük, bəsdir daha.

Düşmən yamanca baş alır,
Doğma kəndlərim boşalır,
Neçə oba, el boş qalır,
Bəsdir dözdük, bəsdir daha.

Şəhidlər verdik nə qədər,
Faciə gördük nə qədər,
Qəm-kədər dərdik nə qədər,
Bəsdir dözdük, bəsdir daha.

El dərdindən qəlbim yara,
Vətən yaman düşüb dara,
Dərs verilsin cəlladlara,
Bəsdir dözdük, bəsdir daha.

Səbrin də öz həddi vardır,
Qırğının sərhəddi vardır,
Gen dünya başıma dardır,
Bəsdir dözdük, bəsdir daha.

Dərdli kədərlidir hamı,
Susub yurdumun İlhamı,
Başlasın xalq ittihamı,
Bəsdir dözdük, bəsdir daha.

Fəlakətli, tufanlı,
İllərdə yazdım bunu.
İlham kimi oğullar
Qoruyurdu yurdunu.

Hər bəndim, hər bir misram
O günlərdən yadigar.
Bu dastana düşəsi,
Bir “Allah” şeirim də var:

Dünya yaman dəyişibdir,
Nələr gördü gözüm, Allah.
Çərxi-dövran dəyişibdir,
Gəl dözüm ver, dözüm, Allah.

Başım üstə duman-çən var,
Torpağıma göz dikən var,
Yad önündə diz çökən var,
Sönməz odum, közüm, Allah.

Boş qalıbdır Göyçə elim,
Qəribsəyir Göyçə gölüm,
Niyə susub “Göyçəgülü”m,
Ötmür telli sazım, Allah.

Nə qaça-qaç, köçə-köçdü,
Gəl sən baş aç, köçə-köçdü,
Quş olub uç, köçə-köçdü,
Tükənibdir sözüm, Allah.

Top atılır, evlər yanır,
Yad özünü qoçaq sanır,
Damarımda qanım donur,
Qışa dönür yazım, Allah.

Ağa qara deyir namərd,
Sinəsinə döyür namərd,
Özünü hey öyür namərd,
Bilməm necə yozum, Allah.

Başkəsənlər silahlanıb,
Əsli danıb, kökü danıb,
Danışdıqca dilim yanıb,
Niyə gülmür üzüm, Allah?

Qarabağım vuran ürək,
Dilə gəlir hər an ürək,
Viran olub, viran ürək,
Sən bizimsən, bizim, Allah.

Tablaşıram hər dərdə mən,
Baş əymirəm namərdə mən,
Qələm aldım bu yerdə mən,
Gərək yazım, yazım, Allah.

Biz deyən gün gələcəkdir,
Qan içənlər öləcəkdir,
Fərəhlənib güləcəkdir,
Onda dağım, düzüm, Allah.

                       ***

Doğmalardan nə soruşum bu gün mən?
Bütün aləm doğma olub onlara.
Xəbər alım deyin, hansı birindən?
İlahidən səda gəlir bu ara:

Yadından çıxarma, Ofeliya ana,
İndi milyon anası var İlhamın.
Deyiləsi sözün çoxmu balana?
Qəhrəmandı, daim yaşar İlhamın.

Heç nə xəbər almayıram, analar,
Yazdıqlarım qopub Tanrı dilindən.
Bu günlərin sevgi, əfsanəsi var,
Ünvan aydın – “Azərbaycan elindən”.

İlhamın haqqında danışsın Elxan,
Öyünməyə, fəxr etməyə haqqı var.
Onun sözlərini dinləsin cahan,
Qəhrəman qardaşı hey xatırlanar!

Haq səsini ucaltdı,
Mənim İlham qardaşım.
Azadlığa can atdı,
Mənim İlham qardaşım.

Vətəni canı saydı,
Damarda qanı saydı,
Ruhu, vicdanı saydı,
Mənim İlham qardaşım.

Sevirdi Qarabağı,
Doğulduğu torpağı,
Lənətlədi qorxağı –
Mənim İlham qardaşım.

Toyu olmuşdu təzə,
Can sirdaşı – Fərizə.
Durdu tankla üz-üzə,
Mənim İlham qardaşım.

Bu millətin əsiri,
Məmləkətin əsiri,
Ədalətin əsiri –
Mənim İlham qardaşım.

Böyük-kiçik sayardı,
Hörməti qoruyardı,
Vətənlə bəxtiyardı,
Mənim İlham qardaşım.

Əcdadına bağlıydı,
Öz xalqının oğluydu,
Əslən Qarabağlıydı,
Mənim İlham qardaşım.

Hər mətləbi tez qanan,
Zəhməti sevdi hər an,
Keçə bildi canından,
Mənim İlham qardaşım.

Vətənə layiq övlad,
Baxıb heyran qaldı yad,
Daşıyacaq təmiz ad,
Mənim İlham qardaşım.

                     ***

Fərizə canıdı Bağda ananın,
Doğma balam söyləyən çox bu qıza.
Qardaşı Vaqif də oda yananı,
Bacısı haqqında söz desin bizə:

Bir evin ulduzuydu,
Mənim Fərizə bacım.
Azərbaycan qızıydı,
Mənim Fərizə bacım.

Eşqinə and içmişdi,
Yolunu düz seçmişdi,
Çox sınaqdan keçmişdi,
Mənim Fərizə bacım.

Nə var-dövlət, nə daş-qaş,
Nə bol sərvət, nə daş-qaş,
Oldu İlhama sirdaş,
Mənim Fərizə bacım.

Qorxmazdı bir ər kimi,
Yaşar hünərvər kimi,
Öz qəlbinin hakimi,
Mənim Fərizə bacım.

Bahar ömrü qış olan,
Məhəbbəti daş olan,
Sevdasında baş olan,
Mənim Fərizə bacım.

Fəxr edir atam Çoban,
Anam Bağda pərişan,
Səhv etmədi heç zaman,
Mənim Fərizə bacım.

Sevirdi baldızları,
Seçdi İlham tək yarı,
Elxanın da vüqarı,
Mənim Fərizə bacım.

Hörmət edirdi ona,
İncimədi qaynana,
Ana sayırdı, ana,
Mənim Fərizə bacım.

Cənnət bağında quşdu,
Ölməzliyə qovuşdu,
Qeyrətli doğulmuşdu,
Mənim Fərizə bacım.

***

Hər bir işin bir sonu var deyirlər,
Bu dastanın sonu gəldi, analar.
Dəyərli söz yadda qalar deyiblər,
Əli bunu bir borc bildi, analar.

Aylar, illər vərəqlənib ötəcək,
Doğulacaq gül balalar dünyada.
Quşlar da səmadan enib ötəcək,
Hər bir körpə sahib olur bir ada.

Qardaşları, bacıları cütlərin,
Qoşa adı övladlara verəcək.
Ruhları şad olsun barı cütlərin,
Nənə evdə totuq İlham görəcək.

Fərizə adını daşıyan bala,
Odlar diyarında min-min olacaq.
Ülvi arzularla yaşayan bala,
Əfsanəvi ada sadiq qalacaq.

Çoxdur indi İlham adlı uşaqlar,
Fərizə deyəcək qızına ana.
Cəsarətli, istedadlı uşaqlar,
Şöhrət gətirəcək doğma yurduna!

İlhamla Fərizə daha doğulmaz,
Onların adında uşaq çox olar.
O hörmətdə, o şöhrətdə gənclər az,
İlahi məhəbbət dastanı yaşar.

Eyni adı daşıyanlar çoxdur, çox,
Dünyada bir İlham, bir Fərizə var.
Yoxdur heç birini doğan ana, yox,
Xiyabanda qoşa uyuyur onlar.

Necə haqlı deyib Peyğəmbərimiz,
“Cənnət anaların ayağı altda”.
Vaxtında qoruyaq anaları biz,
Övlad dağı görməsinlər həyatda.

Yurdumun hörmətli iki anası,
Qarşınızda mən başımı əyirəm.
İki ağbirçəyi, iki sonası,
İtki ağır, sinə gərin deyirəm.

Fəxri anasınız, fəxri nənəsiz,
Nəvələri sevirsiniz ürəkdən.
Qeyrət dərsi verin onlara da siz,
Söhbət açın nurlu, xoş gələcəkdən.

Bu da olsun cüt şəhidə söz payım,
Cüt anaya bu dastanım təsəlli.
Budur mənim oxucuya öz payım,
Özümə də – necə danım, təsəlli.

İlham ilə Fərizəni dünyaya,
Bəxş eləyən cüt anaya min əhsən.
Ofeliya anayla Bağda anaya,
Var olun, deyərək baş əyirəm mən.

Dastan mənim cüt anaya hədiyyəm,
Şairlərin sözdən qeyri nəyi var?
Əsər boyu ürəyimi üzdü qəm,
Qoy çatsın ellərə – bu istəyim var.

Tələbkar oxucu deyəcək sözü,
Bir dəstə gül çələngidir bu dastan.
Neçə yol yaşardı şairin gözü,
Alınsın Qarabağ, el çıxsın yasdan.

Xoşbəxtəm ki, Tanrı yetdi dadıma,
Rəhmət dedim Fərizəyə, İlhama.
15 il əvvəli saldım yadıma,
Bel bağladım istedada, ilhama.

                  ***

Unudulmur bircə an da,
İlhamımız, Fərizəmiz.
Yanımızda hiss edirik,
Hər addımda onları biz.

15 ildir soruşurlar,
Fərizəylə İlham hanı?
Doğmaların sualı var,
Fərizəylə İlham hanı?

Baldızı Tofiqə dinir,
Həmişə dalğın görünür,
Sifətinə kədər çökür –
Fərizəylə İlham hanı?

Gözü dolub Gülbənizin,
Üzü solub Gülbənizin,
Sözü olub Gülbənizin –
Fərizəylə İlham hanı?

Rəsmiyyə deyir, ay ana,
Söylə, gediblər hayana?
Bir onları çağırsana –
Fərizəylə İlham hanı?

Axtarır Elxanın gözü,
Qardaşa, gəlinə sözü,
İnanmayır buna düzü –
Fərizəylə İlham hanı?

Çoban ata, Bağda ana,
Sözləri var qızlarına,
Dillənirlər yana-yana –
Fərizəylə İlham hanı?

Doğmaların ad günündə,
Şənliyində, şad günündə,
Xoş saatda, səsdə, ündə –
Fərizəylə İlham hanı?

Zakirlə Səadət gəlir,
Qardaşı yaman kövrəlir,
Qəlbdə hicran var, kövrəlir –
Fərizəylə İlham hanı?

Ofeliya ana da dinir,
Suallar da yerindədir,
Cüt şəhid cərgəmizdədir,
Deməyin ki, onlar hanı?

 

EPİLOQ

Doğulandan insan oğlu,
Çox düşübdür oda, dünya.
Arxalanan az olmayıb,
Vəzifəyə, ada, dünya.

Mərd oğul üsyan qoparıb,
Fərhad kimi dağlar yarıb,
Beşcə arşın ağ aparıb,
Axır köçüb o da, dünya.

Toylar varsa, yas nədi bəs,
Ölüm varsa, hər şey əbəs,
Bacarammaz sənnən heç kəs,
Barı yetiş dada, dünya.

Nələr çəkib başın sənin,
Bilinməyir yaşın sənin,
Adicə bir daşın sənin,
Qoy getməsin bada, dünya.

Ömür qısa, hamı qonaq,
Mənzil yaxın, mənzil uzaq,
Kimlərəsə verdin ancaq,
Min dərd, min bir qada, dünya.

Tiri görməz öz gözündə,
Nöqsan gəzər el sözündə,
Gəl meydanı yer üzündə,
Heç vaxt vermə yada, dünya.

Əli Vəkil gəldi dilə,
Çox borcludur doğma elə,
İmtahan var, öndə hələ,
Gərək salsın yada, dünya.

30 may 2004