Gəl bizə

Səhv salmayıb yolu, izi,
Gülüm, gəl bizə, gəl bizə.
Yad elə verdiyin sözü,
Gülüm, gəl bizə, gəl bizə.

Sevincim aşıb-daşacaq,
Sözm dildə dolaşacaq,
Xəyalım sədlər aşacaq,
Gülüm, gəl bizə, gəl bizə.

Sükut evdə meydan sular,
Dibçəkdəki güllər solar,
Sənsiz könlüm haray salar,
Gülüm, gəl bizə, gəl bizə.

Yadda qalıb sənli anlar,
Özgə məni de, kim anlar?
Hər anın da bir hökmü var,
Gülüm, gəl bizə, gəl bizə.

Göz qapıda, qulaq səsdə,
Könül sazım dinir pəsdə,
De, kim olar mən həvəsdə?
Gülüm, gəl bizə, gəl bizə.

Əli Vəkil sənsiz neylər?
Uca dağlar çənsiz neylər?
Sevən qəlbim nəğmə söylər,
Gülüm, gəl bizə, gəl bizə.

20 sentyabr 2000