Gələcək

Yer də gülür, göy də gülür, sevgili canan gələcək.
Gəlin onu salamlayaq,  gül açsın hər yan, gələcək.

Ətir saçsın güllər yenə, çələng hörək onun üçün,
Gül camallı, ay qabaqlı, ali bir insan gələcək.

Eşidilsin gülüşləri, saçların ətri xoşdur,
Mənalıdı baxışları, bir oda salan gələcək.

Ürəyimdə yaşadıram, çıxmayır heç xəyalımdan,
Adımı hörmətlə çəkən, hey məni anan gələcək.

Gör haçandan mən yolunu gözləyirəm dildarımın,
Yaddan çıxmaz həmin anlar, yar bizə mehman gələcək.

Qoy o gəlib intizarı birdəfəlik yox eləsin,
Olacaqdır bircə anda hər yan gülüstan, gələcək.

Deyilənlər gerçək olsun, bir doyunca görüm onu,
Güllər səpərəm yoluna,  kəsərəm qurban, gələcək.

Əli Vəkil məhəbbəti ülvi saydı həmişə,
Onu eşqinin soltanı, pənahı sanan gələcək.

13 avqust 2002
Rusiya, İvanovo şəhəri