Səbrim tükənibdir, darıxmışam mən,
Həsrətin qəlbimi yandırır, yaxır.
Xəyalən yoluna çox baxmışam mən,
Səndən ayrı düşmək ağırdır, ağır.
Mənə əyan olub, sən gələcəksən,
Mənalı keçəcək hər anım mənim.
Həsrətli könlümü güldürəcəksən,
Əzəzim, halıma yananım mənim!
Yenə fərəhimdən uçmaq istərəm,
Gəlişin dünyanı bağışlar mənə.
Qeybə çıxacaqdır qəlbdən kədər, qəm,
İlham verəcəkdir baxışlar mənə.
Vallah bəxtəvərəm, xoşbəxtəm, xoşbəxt,
Əllərin əlimə dəyəcək bir də.
Səsini eşitmək böyük səadət,
Gülsün ürəklər də, gülsün gözlər də.
Bahardır, gül açsın büllar eşqimiz,
Yazılsın ürəyə ən şirin anlar.
Əhdi, səadəti unutmayaq biz,
Bədbəxtdir həyatda eşqi dananlar!
Aprel 1985