Gələrəm

Adımı çəkərək səsləsən, gülüm,
Sıldırım yollardan keçib gələrəm.
Məni haraylasan əgər sən, gülüm,
Bağlı qapıları açıb gələrəm.

Boğur həsrət məni, boğur yaş məni,
Həlak eyləyəcək bu təlaş məni,
Şair doğmayaydı anam kaş məni,
Yurdumdan, yuvamdan köçüb gələrəm.

Hökm edə bilməyir gərdişə insan,
Zülmətdə can atır günəşə insan,
Gərək gecikməsin görüşə insan,
Ölsəm o dünyadan qaçıb gələrəm.

Ətrindən məst oldum çiçəksən, çiçək,
Səmimi, mehriban, göyçəksən, göyçək,
Nə deyə bilərəm, mələksən, mələk,
Yanına quş kimi uçub gələrəm.

Heç zaman çıxmaram sənin sözündən,
İlham almalıyam ala gözündən,
Bizi ayrı salan meşələri mən
Dəryazla əlimlə biçib gələrəm!

1988