Gəlməsin

 

Deyirəm ki, ay gülüm, kaş
Eşqimiz gözə gəlməsin.
Ömür ötür yavaş-yavaş,
Eşqimiz gözə gəlməsin.

Qoruyaq gözümüz kimi,
«Sevirəm» – sözümüz kimi,
Məhəbbət qəlbin hakimi,
Eşqimiz gözə gəlməsin.

Əsiriyik bu sevdanın,
Tale deyir əhdi anın,
Bir eşqin odunda yanın,
Eşqimiz gözə gəlməsin.

Sevənlərin bir andı var,
Ülvi andı, Pir andı var,
Talenin də sapandı var,
Eşqimiz gözə gəlməsin.

Gəl unutma bəd nəzəri,
Yad baxışı, yad nəzəri,
Buz nəzəri, od nəzəri,
Eşqimiz gözə gəlməsin.

Əli Vəkil yalan bilməz,
Sirdaşı qəm, deyib-gülməz,
Sevgimizə yoxdur əvəz,
Eşqimiz gözə gəlməsin.

15 sentyabr 2000