Gəlmişəm

Söylə «Sevirəm» – sözünü,
Gəl unudaq qəm sözünü,
Hər an sənin gül üzünü
Görməyə gəlmişəm, gülüm!

Kim unudar öz yarını,
Məhəbbətdə nübarını,
Gül ətirli saçlarını
Hörməyə gəlmişəm, gülüm!

Könül doymur güllü yazdan,
Gözəllikdən, işvə-nazdan,
Tər gülləri bağçanızdan
Dərməyə gəlmişəm, gülüm!

Bu məhəbbət həyat mənə,
Sınamışam dönə-dönə,
Hicrana, həsrətə sinə
Gərməyə gəlmişəm, gülüm!

Əli Vəkil, bilsin cahan,
Hər əzaba dözür insan,
Bu sevdada ilk imtahan
Verməyə gəlmişəm, gülüm!

28 dekabr 2000