Gərək

Ayrılmışam Göyçəmizdən – dağlardan,
Qoyunlu, quzulu göy yaylaqlardan,
Doymaq mümkünmüdür güllü bahardan?
Bir də o gülləri üzəm mən gərək.

Qartal olmalıyam o yerlərdə mən,
Hələ dözməliyəm ağır dərdə mən,
Yox, yox baş əymərəm har namərdə mən,
Qıy vurub dağlarda süzəm mən gərək.

Tamarzıyam havasına, suyuna,
İnsan oğlu sadiq olsun soyuna,
Nəğmə qoşdum baharına, yayına,
Həsrətə tablaşam, dözəm mən gərək.

Qəribsəyib yenə məğrur Qocadağ,
Zirvəsində duman saxlar uca dağ,
Doğmaları kaş ki, bir də quca dağ,
Yamacında bir də gəzəm mən gərək.

Əli Vəkil, yad et doğma ocağı,
Müqəddəsdi hər dərəsi, hər dağı,
Yadın tapdağında qoyma torpağı,
Qələbə marşını yazam mən gərək!

18 yanvar 2000