Gərək

Hər əzaba, həsrətə dözə bilən yar gərək,
Qızılgülün vurğunu bülbülə bahar gərək.

Bəşər övladlarıyıq – gözəlliyə məftunuq,
Ürəklərdə gül açan şirin arzular gərək.

Var enişli-yoxuşlu, dağdan, dərədən keçir,
İnsanları zirvəyə aparan yollar gərək.

Məhəbbət sınağına dözməyənlər az deyil,
Aşiq olan hər kəsə düz söz, düz ilqar gərək.

Könülləri oxşayır «Çahargah»ım, «Zabul»um,
Muğamat oxunanda kaman gərək, tar gərək.

Öz yarını sevənlər düşməsin xam xəyala,
Eşq əhlinə həyatda vəfa , etibar gərək.

Əli Vəkil, yorulma, məhəbbətdən söhbət aç,
Könülləri bəzəyən yeni misralar gərək.

27 avqust 2002
Rusiya, İvanovo şəhəri