Gərək

Elinə, obana bağlanıb qəlbdən,
Qüvvəti torpaqdan alasan gərək.
Kamana çevirib ürəyini sən,
Gah bəmdə, gah zildə çalasan gərək.

Həyatda «yaşamaq yanmaq deməkdir!»,
Ananı, Vətəni anmaq deməkdir,
Qartaltək zirvəyə qonmaq deməkdir,
Əroğlu, eloğlu olasan gərək.

Gültək açılasan, heç solmayasan,
Ulu dünyamıza yük olmayasan,
Yaddan çıxmayasan, tək qalmayasan,
Qalanda yaddaşda qalasan gərək.

1985