Əgər könlün istəyirsə bal-çörək

Əgər könlün istəyirsə bal-çörək,
Onda buyur, al əlinə belkürək.
Bal deməklə ağız şirin olmayır,
Arı kimi zəhmət çəkəsən gərək.

Öz buğdanı vaxtındaca sən gəl ək,
Amma qonşu arpasından tez əl çək.
Kim torpaqla dostlaşarsa dünyada,
Onun süfrəsində bol olar çörək.

Yaz günündə tərləməsən əgər sən,
Qış günündə, vallah, tir-tir əsərsən.
Yazda qalsan qarlı qışın qeydinə,
Nə qonşudan, nə özündən küsərsən.

Yaz gətirər, qış aparar həmişə,
Hər fəsilin qayğısı var həmişə.
İnsanları daim xəbərdar edər,
Qaranquşla gələn bahar həmişə.

Arvad evin dirəyidir, deyiblər,
Ailənin gərəyidir, deyiblər.
Bir-birini təmiz qəlblə sevərsə,
Arvad ərin ürəyidir, deyiblər.

Gənclər təmiz qəlblə sevirsə əgər,
Onlar xoşbəxt olar, yaxşı gün görər.
Ömür yollarında addımlar qoşa,
Adlanarlar yaxşı arvad, yaxşı ər.

Evin yaraşığı qızlardır, qızlar,
Onlardır evlərdə parlaq ulduzlar.
Vaxt gələr uçarlar oğlan evinə,
“Təzə gəlin” adlı bir ulduz olar.

Dağ da olsan, yenə dağa arxalan,
Kaş bənzəsin uca dağa hər insan.
Dağlar vüqar rəmzi olub dünyada,
Dağ kiçilmir, dağ əyilmir heç zaman.

Dirlik olmaz birlik olmayan yerdə,
Birlik olsa qalib gələrsən dərdə.
Tək əldən səs çıxmaz deyib atalar,
Cəsarət də birlikdədir, zəfər də.

Ağıllı baş daim bəlasız olar,
Doğru yolsa daim qəzasız olar.
Ağıllı bir adam doğru yoldasa,
Nə döyər dizinə, nə fikrə dalar.

Qəbul et ağıllı balacanı sən,
O ki çox yaxşıdı yenə cahildən.
Hər şeyə qadirdir ağıllı insan,
Uman deyil bircə tikə cahildən.

Ağıllıya bir işarə bəs edər,
Nadana həyatda kömək də hədər.
Ağıllı məşhurdu ağıllı kimi,
Nadandan söz salmaq de, nəyə dəyər?

Müşküldü dünyada köksüz yaşamaq,
Vətənsiz ömr etmək çətindir ancaq,
Ana tək laylanı çalan da odur,
Beşiyin, məzarın Vətən olacaq.

Boyu uzun, dili gödək qəribin,
Vətənsizdi, dərdini çək qəribin.
Öz yurdunun həsrətiylə yaşayar,
Üzü gülər yurdu görcək qəribin.

Köçən yurdun qədri-qiymətini sən
Düşən yurdda anlayarsan, bilərsən.
İnsan oğlu, yurdyuvanı unutma,
Ora yenə qayıdarsan, gələrsən.

1 sentyabr 2002