Gecikdin

Tükənibdir səbrim daha,
Niyə gecikdin, ay gülüm?
Vallah batarsan günaha,
Niyə gecikdin, ay gülüm?

Söylə, necə tutum qərar?
Gözüm hey səni axtarar,
İntizarın məni yorar,
Niyə gecikdin, ay gülüm?

Yaşayırıq haqq dünyada,
Qonağıq, qonaq dünyada,
Ayrılıq nahaq dünyada,
Niyə gecikdin, ay gülüm?

Tanrıdan bir ömür payı,
Gərək ötməsin havayı,
Yola saldım günü, ayı,
Niyə gecikdin, ay gülüm?

Sənsizliyə dözmür ürək,
Özünü tez yetir görək,
Əli Vəkil olub kövrək,
Niyə gecikdin, ay gülüm?

29 avqust 2000