Gedən deyil, neyləsən də bu keçəl suya

Gedən deyil, neyləsən də bu keçəl suya,
Çətin ki, bu işdə o sitzi saya.
Yollaya bilsəniz əgər keçəli,
O sudan kim içə, de, kimlər doya?

Bu hikmət yadından çıxıbdır məgər,
Deyiblər ki, qorxan gözə çöp düşər.
Kor olarsan qorumasan gözünü,
İnsan üçün gözdən qeyri nə var hədər?

Saqqalı ağarıb amma ağlı yox,
Yaxşı ki, cahildən arif adam çox.
Cahil acgözdür ki, acgözdür,
Nə yaxşı aqilin gözü toxdu, tox.

Saqqallıya salam vermir niyə?
Elə bil kimsəni heç görmür niyə?
Salam Allah salamıdır anlayın,
Barı bir üzünü tutaydı göyə.

Sağ gözdən sol gözə deyin nə fayda?
Hər gözün öz yeri matəmdə, toyda.
Əgər göz kordusa, ağlaya bilməz,
Sağ göz sol göz üçün neyləsin vayda?

Sonalayan, ya koradır, ya keçələ,
Kim deyir ki, fürsəti ver, keç ələ?
Bacar tanı sən layiqli adamı,
Amma gəl söyləmə, vaxta var hələ.

Sənin üçün çayda balıq yan gedər,
Balıq yan gedirsə, hər nə var hədər.
Qoçaq tərpən, tut zamanın nəbzini,
Hər insan dünyada bir fursət güdər.

Qoyuna çobansan, dedilər qurda,
Hardadı məndə bəxt, siz deyin harda?
Yaş tökərək sevincindən ağladı,
Belə xoşbəxtliyə çataram gorda.

Əgər olmasa da qızıldan taxtın,
Olsun kaş dünyada qızıldan baxtın.
Deyirəm ki, baxtın olsa səninlə,
Sənə qızıl taxt gətirər bil baxtın.

Hamı bilir qılınc kəsməz qılıncı,
Dünyada ən tutarlı söz qılıncı.
Söz var ki, qılıncı qınında saxlar,
Söz də var qınından çıxarar yüz qılıncı.

Deyin, kimlər qılınc müsəlmanıdır?
Bəlkə qılınc onun din-imanıdır?
Qan tökməyi sevməmişik həyatda,
Kimlər müsəlmanı belə tanıdır?

Qisas qiyamətə qalmaz heç zaman,
Niyə qisas alır insan insandan?
Qisas deyil cilov gəmirən hər kəs,
Öz yolundan geri durmaz bircə an.

Yerin dar olmasın heç məzarda da,
Yerin dar olanda kim çatar dada.
Genişliyi insan sevib hər zaman,
Dar yer qismət olsun yağıya, yada.

Gəlib keçsə əgər qəbristanlıqdan,
Ölünün birisi yox olar inan.
Beləcə tanınar tamahkar adam,
Yol getmək istəməz heç kimsə onnan.

Qonaq evin təzə gülüdür, gülü,
Gülər ev sahibi açılar dili.
Xoş sifət göstərər, hörmət eləyər,
Qonağın dalınca yellənər əli.

Məgər qonşu qızı öpülmüş olar?
Bu kimin böhtanı, kim bilmiş olar?
Tanıyırsan sən qonşunun qızını?
Burda gizli mətləb, bir müəmma var.

Dillənən deyiləm bunu bil sən də,
Tutaraq qolumdan evləndirsən də.
Subaysansa yerindədi sözlərin,
Evlisənsə onda get dolan gendə.

Böyüyün sözünə baxmayan hər an
Böyürə-böyürə qalacaq inan.
Aqilin sözüdür böyüyün sözü,
Onu eşidəsən gərək hər zaman.

Əgər böyüyünü tanımasan sən,
Deməli, uzaqsan həm də qibləndən.
Böyüyün, kiçyin yerini bilmək
İnsanın amalı olmasın nədən?

Deyiblər bu meydan, bax bu da şeytan,
Şeytana inanma heç zaman, insan.
Şeytan bais olur bir gör nələrə,
Hər kəs uzaq olsun onun torundan.

20 sentyabr 2002