Səkiylə piyada nazlı bir gözəl,
Bəlkə də yaranıb mələkdən əzəl,
Onu görən bu dünyadan üzər əl,
Yerə minnət qoya-qoya gedirdi.
Tanrım, onda yerişə bax, naza bax,
Qamətə bax, saçlara bax, üzə bax,
Məna dolu gülüşə bax, gözə bax,
Addımını saya-saya gedirdi.
Hansı ana bəsləyibdir görəsən?
Gül deyil ki, əl uzadıb dərəsən,
Dindirəsən, necə sual verəsən,
Gözəlliyi duya-duya gedirdi.
Halallıqdan tutulubdur mayası,
Yerindədir davranışı, həyası,
Yəqin sirli, sehirlidi dünyası,
O, xoş ətir yaya-yaya gedirdi.
Qoca şair, qəlbində nə qübardı?
Cavan olub yar axtarsan nə vardı,
Qırx il əvvəl qızlar dönüb baxardı,
Məhəbbətdən doya-doya gedirdi.
Bəlkə elə incidib öz yarını?
Əhdə sadiq, ilqarı düz yarını,
Yaralayıb tənəli söz yarını,
Günahını yuya-yuya gedirdi.
Süd gölündə çimir yəqin bu mələk?
Əli Vəkil, bunu hardan biz bilək?
Haqqımız var bu qərara tez gələk,
Qara paltar – maya, maya gedirdi.
26 may 2003